Haqq söz

Vikimənbə saytından
Jump to navigation Jump to search
Haqq söz
Müəllif: Abbasqulu ağa Bakıxanov


Yadımda deyildir nə vaxt və kimdən,
Belə bir hekayət eşitmişəm mən:
Bir gənc padşahın bir yarı vardı,
Hüsndə dünyanı heyran qoyardı.
Pəri tək gözəldi o tamam-kamal.
Şirin danışardı o huri camal.
Saçından gözəllik alardı sünbül,
Üzünün odundan rəng alardı gül.
Bir gecə padişah eşitdi xəlvət,
Bir arvad o yara edirdi töhmət.
Deyirdi: «Nə oldun hüsnünə heyran?
Təkcə bir hüsnilə yaşamaz insan.
Camalın nəhayət heçə enəcək,
Qaş kimi dartılma, qıvrılma saç tək».
Gözəli bu tənə qızartdı, birdən--
Zülfü tək qıvrılıb cavab verdi: «Sən
Yersiz təhqir etmə hüsnü bu qədər,
O hansı dövlətdir hüsnə bərabər?
Bundan da böyük bir dəlil istərsən?
Ki, şah haqqın yerdə sayəsi ikən,
Onun fərmanına baxarkən cahan,
Özü də hüsndən almada fərman».
Söylədi o arvad: «Ey qafil gözəl,
Hüsnünlə bu qədər lovğalanma gəl,
Dünyada səltənət çox alçaq şeydir,
Sadə, şən yaşamaq ondan çox yeydir.
Şah qafil yaşasa xalqdan, dövlətdən,
Zövq alsa ancaq o eyşü işrətdən,
Cilovu versə o sən tək gözələ,
Dövlətin əsası verilər yelə.
Hasili boş olar, ölkəsi xərab,
Dünyada məşəqqət, üqbada əzab.
Dünya, din işinə baxarsa yəqin,
Düzələr ölkəsi, rövnəq tapar din,
Adına deyilər ədalətli şah,
Ona kömək edər hər işdə allah.
Şahın vaxtı keçər qovğalarda tam,
Yediyi heç olar, yuxusu haram.
Belə şah gözəldən gözləməz fərman,
Heç onu görməyə tapmazsan imkan.
Əsl şah göstərib xalqa ədalət,
Kəndlidən daha çox çəkər əziyyət».
Bu sözü eşitcək cavan hökmdar,
Ürəyi titrəyib oldu biqərar,
Dili söz tutmadı, ciyəri yandı,
Bir zaman şəkiltək cansız dayandı.
Dedi öz-özünə: «Kişidir adın,
Sənə yol göstərir amma bu qadın».
Taxtından, tacından əl çəkdi sultan,
Qurtardı şahlığın ehtiyacından.
Ey Qüdsi, bu halda necə hikmət var,
Onunçun şahlıqdan keçdi hökmdar.
Utanıb bir ibrət almırsan nədən,
Qırmırsan köləlik zəncirini sən?