Məzmuna keç

Haraya qərəz (Hüseyn Şəmkirli)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Haraya qərəz
Müəllif: Aşıq Hüseyn Şəmkirli
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

İbtida əlifdən dərsim alanda,
Göstərdilər mənə nə qarə yaxşı.
Oxudum dərsimi haraya qərəz.
Yox aşıq harayına,
Xalların harayına,
Aşıq Hüseyn nə dedi
Dost getdi harayına.
Yar üzünə layiqmi hər ayına,
Seyrağıb geyinsin nə qara yaxşı.
Naləsi yetişsin haraya qərəz.

Ələ alıb tiri-kaman atanda,
Həllac gəlib bu dağları atanda.
Yox aşıq atanı,
Müjgan oxun atanı.
Aşıq Hüseyn neyləyir
Öz dostunu atanı.
Oğul xalis olsa neylər xalis atanı,
Mansuru çəkdilər nə dara yaxşı,
Dağlar səcdə qıldı haraya qərəz.

Sevdiyim, cananım gündə gələndə,
Büllur pəncərədən gün də gələndə.
Aşıq gündə gələndə,
Xalın gündə gələndə,
Hüseyni yada salıb
Dostu, gündə gələndə
Dost istər ki, dostu gündə gələndə,
Otaqda vurulsun nəqqarə yaxşı;
Ləzzəti yetişsin haraya qərəz.

Aşıq Hüseyn deyər Nizami keçdi,
Firdovsi, Füzuli, Nizami keçdi,
Aşıq, Nizami keçdi,
Xalın nizami keçdi,
Aşıq Hüseyn hesaba
Gəldi nizami, keçdi.
Hesabdar hesabın nizami keçdi,
Ömrünü yazarlar nə qara yaxşı,
Cəsədin qoyarlar haraya qərəz.