Məzmuna keç

Harda mən

Vikimənbə saytından
Harda mən
Müəllif: Usta Abdulla
Mənbə: Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 27

 
İnsan gərək özlüyündə düşünə,
Necə gəzim, kimlə gəzim, harda mən.
Yoldaşlarım uyğun ola özümə,
Danışanda utanmayam orda mən.

Gələndə məclisə biləm yerimi,
Niyə duram görən kimi birini.
Ya danışam, ya da verəm sirrimi,
Cəhli düşə məğlub olam zorda mən.

Gərək hörmət edəm özüm-özümə,
Danışanda sərhəd qoyam sözümə.
Uzanmaya qoşa barmaq gözümə,
Çırpınmayam balıq kimi torda mən.

Abdullayam, hər hesabı qanmışam,
Haqsızlığa alışmışam, yanmışam.
Çoxlarını candan əziz sanmışam,
Heç görmədim yaxın gələn darda mən.