Hardan bilə qafil ki, Allaha vəli kimdi

Vikimənbə saytından
Hardan bilə qafil ki, Allaha vəli kimdi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 38-39

Hardan bilə qafil ki, Allaha vəli kimdi,
Surətdə bərabərsiz məna gözəli kimdi,
Zülmətlərə nur səpmiş nuri-əzəli kimdi,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.

Sən zərrəsən, ey qafil, o, şəmsi-münəvvərdi,
Sən bir səgi-bihörmət, o, şiri-Qəzənfərdi,
O, həmsəri-Zəhradı, damadi-Peyəmbərdi,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.

O, rükni-imamətdi, həm şahi-vilayətdi,
Mürşidi-hidayətdi, xurşidi-ədalətdi,
Həm kani-şücaətdi, həm kani-səxavətdi,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.

Ən mötəbər aşiqdi, ən mömini-sadiqdi,
Həm nitqdə natiqdi, həm gənci-həqaiqdi,
Həm fəxri-xəlayiqdi, hər tərifə layiqdi,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.

Hüsnündə lətafətli, nitqində bəlağətli,
Xülqündə nəzakətli, hökmündə ədalətli,
Əhdində sədaqətli, qəsdində dəyanətli,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.

Aşiq ona yerlər də, göylər də, fələklər də,
Aşiq ona insanlar, cinlər də, mələklər də,
Aşiq ona bülbüllər, güllər də, çiçəklər də,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.

Üstündür o Adəmdən, Nuhdan, Zəkəriyyadan,
Üstündür o Yunisdən, İdris ilə Yəhyadan,
Üstündür o Salehdən, Musa ilə İsadan,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.

Bir ömr Vüqar quldur şahın səri-kuyində,
Gərdi-qədəmi-paki cənnət gülü buyində,
Zahirdi görən şəxsə Həqq cilvəsi ruyində,
Ey Haqqı danan nakəs, dərk et, gör Əli kimdi.