Hardasan (Aşıq Cəlil Dərələyəzli)
Hardasan Müəllif: Aşıq Cəlil Dərələyəzli |
Üzülübdür doğma yurddan ayağım,
Gecələr zülmətdir, sönüb çırağım.
Alınmaz səngərim, arxam, dayağım,
Dilim, ağzım, söhbət-sazım, hardasan?
Soruşmuşan dost-tanışdan hardayam?
Sağım yağı, solum düşmən, dardayam.
Dörd bir yanım dəmir qəfəs, tordayam,
Yetiş dada, canım-gözüm, hardasan?
Yapon bu yerlərdə meydan sulayır,
Nijde belimizdə ocaq qalayır.
Yurdumda, yuvamda bayquş ulayır,
Sönür od-ocağım, közüm, hardasan?
Kafir süngüsünə keçir qız-oğlan,
Arpa qayasından qan süzülür, qan!
Qalmadı mahalda ər, sənə qurban,
Şəhid olur oğlum-qızım, hardasan?
Çivə, Sallı, Ərgəz oda qalandı,
Leyliqaçan, Bülbülölən talandı.
Arpa qan ağladı, sular bulandı,
Açılmaz baharım, yazım, hardasan?
Kəsdilər yağılar bərəni, bəndi,
Odlara qalandı Amağu kəndi.
Bütün Dərələyəz ağlayır indi,
Bu dərdə mən necə dözüm, hardasan?
Aşıq Cəlil, gözlərimiz qan ağlar,
Viran oldu abidələr, saraylar.
Sinəm üstə gecə-gündüz haraylar,
Xan Abbasım, telli sazım, hardasan?