Məzmuna keç

Hayıf ki, yoxdur!

Vikimənbə saytından
Hayıf ki, yoxdur!
Müəllif: Molla Pənah Vaqif

Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!

Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!

Elə gözəllər var bunun içində,
Ələ düşməz hərgiz Çinü-Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə
Bəzəyi, libası, hayıf ki, yoxdur.

Ucu əşrəfili, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!

Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!