Məzmuna keç

Hazarandastan bülbülü

Vikimənbə saytından
Hazarandastan bülbülü
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi. Bir padşah var idi. Bu padşahın bir bağı var idi ki, ruzigarın gözü belə bir bağ görməmişdi. Gül gülü çağırır, içindən göz yaşı kimi çeşmələr axırdı. Bağın içində padşah dünyanın hər tərəfindən cürbəcür ağaclar gətirdib, əkdirmişdi Qərəz, nə deyim, bağda can dərmanı desəydin vardı. Bu bağın şöhrəti bütün ətrafa yayılmışdı. Dünyanın hər tərəfindən dəstə-dəstə adamlar bu bağın tamaşasına gəlirdi.

Bir gün yenə şəhərdən üç nəfər bu bağı görməyə gəlmişdi. Padşahnan bağı gəzdilər, dolandılar. Bağın qapısından eşiyə çıxanda, qonaqlardan biri bir ah çəkib dedi:

– Çox gözəl bağdı, amma heyf ki, Hazarandastan gülüynən Hazarandastan bülbülü bu bağda yoxdu.

İkinci qonaq bir ah çəkib dedi:

– Çox gözəl bağdı, amma heyif ki, Bili-Bilqeyis xanım burda deyil.

Üçüncü qonaq da eləcə bir ah çəkib dedi:

– Çox gözəl bağdı, amma heyif ki, Süleymani-ərəbat bu bağın içində deyil.

Qonaqlar getdilər, padşah düşdü fikrə, vəzir diqqətnən baxıb gördü ki, padşah çox fikirdədi, dedi:

– Padşah sağ olsun, nə oldu fikrə getdin?

Padşah dedi:

– Vəzir, qonaqların sözü məni fikrə saldı. Hər nə təhər olsa, gərək Hazarandastan bülbülü, Hazarandastan gülü, Bili-Bilqeyis xanım, bir də Süleymani-ərəbat bu bağa gətirilə.

Vəzir dedi:

– Padşah sağ olsun, burda nə var ki, səni fikrə salır? Şükür olsun üç oğlun var. Çağır, əmr elə, gedib gətirsinlər. Bəs onlar nə vaxt sənə lazım olacaqlar?

Padşah gördü ki, vəzir doğru deyir. Onun doğrudan da üç oğlu vardı. Əmr elədi çağırdılar. Elə ki, oğlanların üçü də gəldi padşahın bərabərinə, padşah dedi:

– Oğlanlarım, mənim bağım misli görülməmiş bir bağdı. Amma dörd dənə əskiyi var, onlar da: Hazarandastan bülbülü, Hazarandastan gülü, Bili-Bilqeyis xanım, bir də ki, Süleymani-ərəbatdı. Bilmirəm, göy göbəyini yerə dayasa da, gərək onları gətirəsiz.

Oğlanlar atalarının əlindən öpüb atlarını minib, öpüşüb ayrıldılar. O biri qardaşları getməkdə olsunlar, sizə kimdən deyim, kiçik qardaşdan. Bu kiçik qardaş bir neçə gün yol gedəndən sora gəlib bir şəhərə yetişdi. Bir evin qabağında atdan düşüb gördü ki, bir qoca kişi dayanıb qapıda, dedi:

– Qoca, qəribəm, yol adamıyam, bu gecə məni qonaq saxlarsanmı?

Qoca:

– Niyə saxlamıram, bala?! Qonaq Allah qonağıdı.

Ev yiyəsi qoca, gün keçirmiş, dünyanın isti-soyuğun görüb, acı-şirinin dadmış bir adamdı. Gecə söhbət vaxtı oğlanın Süleymani-ərəbatdan ötrü bura gəldiyini bilib dedi:

– Bala, sən gəl bu sevdadan əl çək! Çox igidlər, çox pəhləvanlar bunun üçün gedib, bir də dala qayıtmayıblar. Hələ sənin dimdiyinin sarısı heç getməyib, ağzından hələ süd qoxusu gəlir.

Oğlan dedi:

– Yox, dədəmə söz vermişəm, gərək eləyəm.

Onda qoca dedi:

– Oğlan, indi ki belə oldu, qoy sənə deyim. O at hər gün bir çeşmə var, gəlib o çeşmədən su içir. Onu ancaq orda tutmaq olar. Ancaq o çeşmənin yanına getmək üçün gərək yeddi dənə odlu dərədən keçəsən.

Oğlan hər şeyi ondan öyrənib səhər atı mindi. Yola düşəndə qoca dedi:

– Çeşmənin başında bir ağac var. Çıxıb həmən ağacda gizlənərsən. Sübhi-sadıx zamanı bir sürü at gələcək, cəhd eləyib kəməndi qabaqdakı atın boynuna sal, özün də tez denən “at, Süleyman peyğəmbər eşqinə dayan!”. Əgər elə deməsən, at səni də, ağacı da yerindən oyna- dıb həlak edər. Elə ki, mindin ata, dala baxmadan dördəmiyə çap! Daldan çoxlu səslər gələcək ki, “ay tutun, ay vurun!” Nəbadə dönüb dala baxasan, baxsan daş olarsan.

Oğlan atı sürdü, az getdi, çox getdi, bir də gördü ki, uzaqdan işıq gəlir. Yaxınlaşdıqca işıq yekəldi, elə oldu ki, elə bil uzaqda məşəl yanır. Bir az da gedəndən sora baxdı ki, qabaqdakı işıq qocanın dediyi odlu dərədi. Dərənin istisi oğlanı təngişdirməyə başladı. Ancaq buna fikir verməyib yoluna davam elədi. Getdi yetişdi odlu dərənin başına. Dərə nə dərə, elə bil ki, Allah cəhənnəmi bura köçürdüb.

Oğlan baxmayıb özün vurdu odun içinə. Dərədən çıxanda göy guruldadı, sümsürük oynadı, bir gurultu qopdu ki, həmli arvad olsa, qorxudan uşaq salardı. Oğlan qocanın dediyinə əməl eləyib, heç bir tərəfə baxmayıb, özünü ikinci dərəyə vurdu. Belə-belə dərələrin yeddisini də keçib çıxdı bir düzəngaha. Bir qədər atı sürəndən sora gəlib bir çəmənzara çatdı. Çəmənin ortasında uca bir ağac var idi. Ağacın altından bir çeşmə çıxıb abi-zəmzəm suyu kimi axırdı. Oğlan baxdı ki, elə qocanın dediyi yerdi ki, var. Atdan düşdü, əyləşib çəmənin başında bir az toqqasının altını bərkidəndən sora, çıxıb ağacda oturub gözləməyə başladı.

Səhərə yaxın bir də gördü ki, budu yer titrədi, göy şaqqıldadı, sümsürük oynadı, təpənin dalından bir dəstə at çıxdı. Atlar üz qoydular çeşməyə tərəf gəlməyə. Oğlan yerin möhkəmlədib kəməndi hazırladı. Atlar gəlib çeşməyə çatdılar. Oğlan baxdı qabaqdakı ata, gördü doğrudan da at bir atdı ki, Qırat onun yanında bir pula dəyməz. Oğlan kəməndi atdı atın boynuna. At iki əlləri üstündə qalxdı göyə, oğlanı çəkdi, oğlan düz düşdü onun belinə. At bir də qalxdı ki, onu vursun yerə, oğlan dedi:

– Ay at, Süleyman peyğəmbər eşqinə dayan!..

At Süleyman peyğəmbərin adını eşitcək dayandı. Oğlan onu dəhnəçilov vurub başın döndərdi. Daldan nə qədər qışqırtı, bağırtı gəldisə oğlan dönüb baxmadı, birbaşa atı sürdü. Beş günə gəldiyini iki saatda keçib qocanın olduğu şəhərə çatdı. Oradan keçib birbaş yola düzəldi. Gəldi həmən üç yolun ayrıcına yetişdi. Daşın altına baxıb gördü ki, üzük ordadı. Bildi ki, hələ qardaşları qayıtmayıblar. Odu ki, üz qoydu ortancıl qardaşının getdiyi yola. Günə bir mənzil gəlib çatdı bir şəhərə. Şəhərin qırağında düşüb atın tükündən bir az çəkdi, cilovun başına dolayıb ötürdü, özü girdi şəhərə, baxdı ki, möhkəm acıb, dedi: gedib bir çörək yeyim. Bu fikirnən gəlib bir aşbaz dükanına girdi. Əyləşib xörək istədi. Aşbaz şəyirdi xörək gətirəndə oğlan gördü ki, öz qardaşıdı, soruşdu:

– Bəs qardaş, bu nə hal?

Qardaşı dedi:

– Qardaş, işim tutmadı, heç bir şey tapa bilmədim. Axırda aşbazxana sahibinə yataq pulu verə bilmədiyimə görə, indi məni burda şəyird işlədir.

Oğlan onun borcunu verib aşbazdan aldı, şəhərdən də ona bir at aldı, sora da lazım olan başqa şeylər alıb şəhərin qırağına gəldilər. Oğlan cibindən Süleyman-ərəbatın tükünü çıxardıb tutuzdurdu. Süleymanərəbat badi-sərsər kimi gəldi. Hər iki qardaş mindi, sürüb birbaş çatdılar üç yolun ayrıcına. Daşın altına baxıb gördülər ki, üzük hələ də ordadı. Kiçik qardaş ortancıla dedi:

– Qardaş, sən qal burda, mən gedim böyük qardaşımızın dalıncan.

Ortancıl qardaş orda qaldı, bizim bu kiçik yola düzəldi. Az getdi, çox getdi, gəlib bir şəhərə çatdı. Baxdı ki, böyük bir qəsr var. Bu qəsrin balaxanasında bir qız oturub, bir qız oturub ki, gözəlliyi göylərdən bac istəyir. Amma qəsrin qabağında bir dəstə fəhlə palçıq ayaqlayır. Oğlan yanaşdı fəhlələrə ki, soruşsun görsün bu balaxanadakı qız kimdi. Bir də nə gördü?! Böyük qardaşı fəhlə paltarında qıçlarını da çirməyib burda palçıq ayaqlayır. Bunu görəndə oğlanın az qaldı ki, ruhu bədənindən uçsun, dedi:

– Qardaş, bu nə haldı?

Qardaşı dedi:

– Qardaş, bu qızı ki, görürsən, bu Bili-Bilqeyis xanımdı. Hazarandastan gülü ilə Hazarandastan bülbülü də ondadı. Bu palçıq ayaqlayanlar da ki, hərəsi bir padşahın oğludu. Gəliblər ki, onu alsınlar. O da hər gələnnən güləşib yıxıb, hər yıxılana da beləcə ömrünün axırınacan burda palçıq ayaqlatdırır.

Oğlan dedi:

– Qorxma qardaş, bu saat onun saçlarını əlimə dolaram.

Başını yuxarıya qaldırıb dedi:

– Qız, düş aşağı!

Qız dedi:

– Nə istəyirsən?

Oğlan dedi:

– Sənnən güləşmək istəyirəm.

Qız gülüb dedi:

– Bir baxginən bu palçıq ayaqlayan adamlara. Bunlar hərəsi bir pəhləvandı. İndi burda palçıq ayaqlayırlar. Mənim sənə yazığım gəlir. Sən yaxşı bir oğlansan, özünü bədbəxt eləmə, çıx get!

Oğlan dedi:

– Uzun danışmağın yeri yoxdu. Bunları da görürəm, səni də, düş gəl yerə!

Qız dedi:

– Get oğlan, sənin ağzından hələ süd qoxusu gəlir. Anan yazıqdı, sənin hələ bələnməli vaxtındı, get, özünü bədnam eləmə! Oğlan dedi:

– Sənin cənginə indiyə kimi görünür ki, pəhləvan düşməyib, indi məndən gözün qorxduğuna görə, aşağı düşə bilmirsən.

Qız hirsləndi:

– Oğlan, mən sənə qıymırdım, sənə yazığım gəlirdi. İndi ki, sən belə danışdın, çox yaxşı güləşək. Ancaq bir şərtnən. Sən məni yıxa bilsən, ixtiyar sənindi, nə istəyirsən elə, mən səni yıxdım başını kəsəcəyəm.

Oğlan dedi:

– Mən razıyam, şərtin gözüm üstə.

Meydan sulandı, süpürüldü, küştü başlandı. Üç gün, üç gecə güləşdilər. Oğlan axırda canın dişinə yığıb bir tilişdirmə vurub qızın arxasın qoydu yerə.

Qız dedi:

– İxtiyar sənindi, öldürə bilərsən.

Oğlan əlini onun dalına vurdu. Qız oğlan palçıq ayaqlayanların hamısını azad elədi. Hazarandastan gülünü, Hazarandastan bülbülünü, Bili-Bilqeyis xanımı, bir də ki, qardaşını götürüb yola düşdü. Günə bir mənzil gəlib çatdılar üç yolun ayrıcına, gördülər ortancıl qardaş orda bunların yolunu gözləyir. Çadırlar quruldu, qazanlar asıldı, yedilər, içdilər, hərə öz çadırına yatmağa getdi. Gecə nə ortancıl qardaşın, nə də böyük qardaşın gözünə yuxu getmədi. Onlar bilmirdilər ki, atalarının yanına nə üznən çıxacaqlar. Gecənin bir vaxtı böyük qardaş durub getdi ortancıl qardaşın yanına. Bir az götür-qoy eləyəndən sora bu qərara gəldilər ki, qardaşlarının əl-ayağını bağlayıb salsınlar quyuya. Onun gətirdiyi bütün bu şeyləri aparıb öz adlarından versinlər padşaha.

Oğlan şirin yuxuda yatmışdı. Deyərlər ki, səhərin yuxusu ölümdən betərdi. Qardaşlar onun əl-ayağını kəndirnən bərk sarıyıb gətirib Yusif kimi bir quyuya saldılar. Səhər tezdən bütün qəflə-qatırı yükləyib hazırladılar. Bili-Bilqeyis xanım soruşdu:

– Bəs oğlan hanı?

Qardaşlar dedilər ki, o gecəynən atalarına muştuluq aparıb. Hər şeyi hazırladılar, amma nə qədər elədilərsə Süleymani-ərəbat onlara baş vermədi ki, vermədi. Axırda gördülər ki, tuta bilməyəcəklər, onu çar-naçar buraxıb atların içindən bir yaxşı at seçdilər. Süleymani- ərəbatsız yola düşdülər. Gəlib yetişdilər atalarının hüzuruna. Ataları şeyləri görüb çox sevindi. Kiçik oğlunu soruşdu, dedilər:

– O heç bir şey gətirə bilməmişdi, ona görə də üzüqara olduğundan sənin yanına gələ bilmədi.

Əlqərəz, padşahı aldatdılar. O da bunların dediklərinə inandı. BiliBilqeyis xanım üçün məxsusi bir otaq ayırdılar, yaşamağa başladılar. Onlar öz yaşamaqlarında olsunlar, sənə kimdən xəbər verim, kiçik oğlandan.

Bir vaxt səhərin yeli onun burnuna dəyəndə, ayılıb gördü ki, bir quyunun içindədi. Qardaşlarının xəyanətini başa düşdü, dedi:

– Hey gidi dünya, mən onlara nə elədim, onlar mənə nə elədilər...

Ancaq gecdi. Əlləşdi ki, birtəhər quyudan çıxsın, ancaq quyu çox dərindi, heç bir dənə də ayaq yerisi yoxdu. Odu ki, çıxa bilmədi. Yadınızdadırmı Süleymani-ərəbat onlara baş verməyib burda qalmışdı, öz sahibini axtarırdı. Qoxuluya-qoxuluya gəlib quyunun başına çatdı. Gördü ki, oğlan quyudadı. Gedib yaxındakı ağaclardan bir az meyvədən-zaddan ağzına yığıb gətirib quyuya saldı. At həmişə belə eləyirdi, gecələr də quyunun başında yatırdı.

Bir gün bir karvan gəlib burda düşdü. Baxdılar ki, quyunun başında yaxşı bir at var. İstədilər onu tutsunlar. Nə qədər elədilərsə, at baş verməyib elə quyunun ətrafında dolanırdı. Axırda dedilər ki, qoy görək bu quyuda nə sirr var ki, bu at burdan o yana getmir. Quyuya səslədilər. Oğlan ordan səs verdi. Qərəz, oğlanı quyudan çıxartdılar, əhval-pürsanlıq elədilər, o da açıb bütün başına gələnləri danışdı, sora onlara razılıq eləyib Süleymani-ərəbatın üstünə süvar oldu, üz qoydu öz şəhərlərinə. Gəlib şəhərin qırağında atdan düşdü, tükündən bir az çəkib cibinə qoydu, cilovun boynuna dolayıb, ötürdü. Gedib bir aşbaza şəyird oldu. Bu burada işləməyində olsun.

Bir gün padşah adam göndərdi BiliBilqeyis xanıma ki, hazırlaşsın, onu alır böyük oğluna. Bili-Bilqeyis xanım padşahla heç görüşməmişdi. Hazarandastan bülbülüynən gülü də vermirdi. Çəkilib öz otağında qara geyinib yasa batmışdı. Padşahın sifarişinə cavab göndərdi ki, mənim nişanlım hələ gəlməyib, kim məni almaq istəyirsə, gərək məni yıxa, sora ala. Padşah oğluna əmr elədi ki, onu yıxsın.

Oğlan onun gücünü bilirdi, bilirdi ki, onu yıxmaq bunun xörəyi deyil. Odu ki, özünü vurdu naxoşluğa. Oğlanın bu naxoşluğu çox uzun çəkdi. Padşah vəzirdən soruşdu:

– Vəzir, bu məsələdən ağlın nə kəsir?

Vəzir dedi:

– Şah sağ olsun, sənin oğlun məhəbbətin gücündən naxoşlayıb, toy olmayınca o sağalmayacaq.

Padşah əmr elədi, toy tədarükü başlandı. Bili-Bilqeyis xanım gördü ki, işi zorla başladılar, öz ürəyində dedi:

– Yaxşı, mən də özüm bilərəm nə edərəm.

Bəli, toy quruldu, carçılar car çəkdi, qonaqlar çağırıldı, gəldi toyun axırıncı günü ki, gəlin gedəcəkdi, atlılar atlandı, at çapmağa başladılar. Padşah da öz əyan-əşrəfiynən oturub tamaşa eləyirdi. Bili-Bilqeyis xanım pəncərədən baxırdı.

Aşbaz bizim oğlanı dükanda qoyub at çapmağa getmişdi. Elə ki, o getdi, oğlan durdu ayağa, atın tükünü çıxardıb tutuzdurdu. At hazır oldu, ayaq rikabə, diz qabırğaya, yatdı atın boynuna, badi-sərsər kimi özünü vurdu çapışanların arasına. Padşah bir də gördü ki, budu bir oğlan gəlir, bir at minib, bir at minib ki, daha nə deyim. At yernən, göynən əlləşir. Oğlan bir o yana çapdı, bir bu yana çapdı, bir məhmizdə bütün çapışanları keçdi... Üçüncü dəfədə padşahın böyük oğlunun boynunu vurdu, qaçdı.

Padşah nərə çəkdi ki:

– Amandı, tutun, kim tutsa varımın yarısını ona verəcəyəm.

Atlılar düşdülər oğlanın dalına, oğlan gördü budu bütün pəhləvanlar gəlir. Hərçəndi ki, o, onların heç birindən qorxmurdu, amma bildi ki, dayanıb dava eləsə onu tanıyacaqlar, odu ki, üzün ata tutub dedi:

– Süleyman eşqinə, at, məni götür!

Elə söz ağzından qurtarmamışdı ki, at iki əlləri üstündə qalxdı göyə, ucadan bir kişnədi, elə götürüldü ki, elə bil ox yayından çıxıb, bir göz qırpımında gözdən itdi. Toy yasa döndü. Hər şey qara boyandı. Bütün şəhər qırx gün əza saxladı. Amma Bili-Bilqeyis oğlanı tanımışdı. İndi daha lap arxayınlaşmışdı ki, oğlan sağdı, özü də burdadı.

Bu işdən düz bir il keçdi. Elə həmişə aşbaz heyfsilənib deyərdi: – Köpəkoğlu ölmüş hardansa gəlib toyu yas elədi. Amma oğlan da əntiqə oğlandı ha... Adamın heç dilindən gəlmir ki, ona qarğış eləsin.

Oğlan da həmişə cavabında deyərdi:

– Vay köpəkoğlu, amma heyif ki, mən getməmişdim görəm.

Atalar yaxşı deyiblər ki, “ölən elə ölən yerdə qalar”. Odu ki, indi də bir neçə vaxt qara-mara bağlayandan sora böyük oğlan yavaş-yavaş yaddan çıxdı.

Padşah Bili-Bilqeyis xanıma sifariş göndərdi ki, əl-ayağını sazlasın, onun kəbinini kəsdirib ortancıl oğluna.

Bəli, yenə tədarük görüldü, qazanlar asıldı, düyülər salındı suya. Toy başlandı. Ancaq Bili-Bilqeyis xanım bu dəfə arxayındı. O yəqin eləmişdi ki, oğlan buradadı.

Bəli, at çapılan gün yenə oğlan, əvvəl dediyimiz kimi, aşbaz gedəndən sora dükanı bağlayıb şəhərin qırağına çıxdı, atın tükün tutuzdurdu. At hazır oldu, qıçın aşırdı atın belinə, özünü vurdu çapanların içinə. Camahat hən-hün eləyib onu tutunca, o, ortancıl oğlanın da boynunu vurub, atı sürdü düz padşahın qabağına. Atdan düşüb dayandı şahın bərabərində. Padşah gördü öz oğludu. Qolun onun boynuna salıb dedi:

– Oğul, bu nə işdi gördün?

Oğlan dedi:

– Ata, yoldaşına xəyanət eləyənin cəzası belə olmadı, əgərçi o qardaş da olsa.

Padşah təəccübündən dedi:

– Necə? Bu nə sözdü?

Oğlan bütün əhvalatı bizim bildiyimiz kimi, danışdı. Hamı onu haqlı gördü. Yas təzədən toya döndü. Qırx gün, qırx gecə toy eləyib, Bili-Bilqeyis xanımı kiçik oğlana aldılar. Bağın düz ortasında bir qəsr tikdirib onları ora köçürdülər. Hazarandastan gülü bir tərəfdə, Hazarandastan bülbülü bir tərəfdə, Süleymani-ərəbat bir tərəfdə, Bili-Bilqeyis xanımnan oğlan da onların arasında... Bəh-bəh, keçmə bu bağın ləzzətindən.

Onlar yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, mətləbinizə yetişin! Göydən üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də özümün, siz sağ, mən də salamat.