Məzmuna keç

Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/Əvvəlinci məclis

Vikimənbə saytından
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər Əvvəlinci məclis (1850)
Müəllif: Mirzə Fətəli Axundzadə
İkinci məclis
Sister Projects. Həmçinin baxın: Haqqında • Şəkilləri • Mənbə: Mirzə Fətəli Axundov. Hekayəti-Molla İbrahimxəlil kimyagərazadliq.org saytı. Yayımlanıb: 05.03.2011
ƏVVƏLİNCİ MƏCLİS

Əvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur min iki yüz qırx səkkizinci1 ildə, baharın orta ayında. Hacı Kərim zərgər, xaçmazlı Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə dəvət edibdir: aşnaları Ağa Zaman həkim və Molla Salmanı və Məşədi Cabbar taciri və Səfər bəy mülkədarı və həm Şeyx Salah xaçmazlını. Amma Hacı Nuru şair ittifaqən çağrılmamış gəlibdir. Tamam əhli-məclis öz adəti libaslarında əyləşiblər. Şeyx Salahdan başqa ki, müəmməmdir, əlində uzun təsbeh çevirir. Ev sahibi Hacı Kərim zərgər əhli-məclisə mütəvəcceh olub mətləb başlayır.

Hacı Kərim zərgər: Həzərat, bilirsiniz ki, mən sizi nə işdən ötrü çağırmışam?

Məşədi Cabbar tacir: Biz bir zad bilmirik.

Hacı Kərim: Sizə qəribə xəbərim var. Kəldəkli Molla İbrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüxsət alıb, gəlib Xaçmazın dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur.

Ağa Zaman həkim: Mən dəxi eşitmişəm.

Hacı Kərim zərgər: Şeyx Salah öz gözü ilə görübdür ki, Əylis erməniləri iyirmi beş min
manat sikkəli pul gətirib, Molla İbrahimxəlildən əlli put xalis gümüş alıb aparıblar; belədimi, şeyxəna?!

Şeyx Salah: Bəli, oxuduğum haqqı, mən gözümlə gördüm ki, Molla İbrahimxəlilə hər kəs sikkəli pul gətirdisə, iki çəkisi bərabəri sikkəsiz xalis gümüş aldı apardı.

Səfər bəy mülkədar: Biz də gedək, alaq!

Molla Salman: Əgərçi nəqd pulunuz yoxdur, amma mən pullu Hacı Rəhim ilə dostam, əgər bir ilə on-on iki fayda və möhkəm girov verməyə razı olursanız, mən ondan sizə və özümə nə qədər pul istəsəniz ala bilərəm.

Məşədi Cabbar tacir: Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. Tezliklə ələ gətirmək çox çətindir. Əgər mümkün olur isə, mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun.

Hacı Kərim zərgər: Min manat da mənim üçün al, evimi girov verdim.

Ağa Zaman həkim: Min manat da mənim üçün al, övrətimin bağını girov verirəm.

Səfərbəy mülkədar: Min manat da mənim üçün al, kəndim girov olsun.

Hacı Nuru şair: (bimövqe cibindən bir kağız çıxarmış) Həzərat, bir yaxşı əhvalat, yəni avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyi ilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. Hələ bir qulaq asın, onu oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm.

A ğ a Z a m a n h ə k i m: Eh, Hacı Nuru, bu məclis nə şeyr məclisidir. Ağzımızda söz danışırıq, məsləhət edirik, bu da gəldi ki, mən altmış il bundan əvvəl olan keifiyyəti nəzm etmişəm. Ləzgi belə gəldi, belə getdi, bizə nə və bunun bizə nə faydası var?

Hacı Nuru şair: (incimiş) Necə nə faydası var? Görərsiniz ki, o vaxt ləzgilər nə işlər sizin
babalarınızın başına gətiriblər, nə birəhmlik onların haqqında ediblər. Keçmiş güzarişatı
bilmək bifavdadır?

Hacı Kərim zərgər: (xoşluqla) Hacı Nuru, hələ şeyr oxumaq vaxtı deyil. Bir özgə farağat
vaxtda oxuyarsan. İndi de görək, Molla İbrahimxəlildən gümüş almağa getməyi sən dəxi
məsləhət bilirsənmi? Yəqin ki, sənin dəxi əqlin qəbul edən işdir.

Hacı Nuru şair: (mükəddərliklə) Xeyir!

Molla Salman: Nə səbəb ilə?

Hacı Nuru şair: O səbəblə ki, hər kəsin öz sənəti özünə iksirdir və xoş güzaranlığına baisdir; dəxi nə lazımdır ki, adam kimyagərlərin dalısınca düşsün. Molla İbrahimxəlili mən görməmişəm, amma fərasət ilə bilirəm ki, haramzadalıq pəstahası açıbdır. Hərçənd bir neçə vaxt bundan irəli, belə ki, deyirlər o, Tiflisə getmişdi, amma ona kimya qayırmağa kim izn verdi və kim gördü? İksirin aləmdə vücudu yoxdur. Əgərçi Xaçmazdan gələn bu Şeyx Salah sizi bir mərtəbədə inandırıb və əqlinizi çaşdırıb ki, mənim sözümə hərgiz etimad etməyəcəksiniz.

Hacı Kərim zərgər: İksirin aləmdə vücudu olmağına dəlil çoxdur, ehtiyacı təqrirə yoxdur. Hələ sən bunu isbat elə ki, hər kişinin öz sənəti necə özünə iksirdir? Mən ki, zərgərəm, yövmiyyə xərcimdən ötrü acizəm.

Hacı Nuru şair: Ondan ötrü ki, xalqın arasında etibardan düşübsən. Heç kəs sənə iş
tutdurmur. Əvaildə yanına əsbab qayırmaq üçün hər nə qədər qızıl və gümüş gətirdilər,
nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə rədd etdin, axırda fisqin büruz etdi. Dəxi yanına bir adam iş gətirmir. Əgər doğru rəftar etsəydin, əlbəttə, indi dövlətli
kimsənələrin biri idin.

Ağa Zaman həkim: Xub, mən niyə biövzaəm?

Hacı Nuru şair: Ondan ötrü ki, öz sənətini tərk edib bilmədiyin işə ayaq qoydun, həkimlik sənin ki, sənətin deyil idi. Sənin atan usta Rəhman dəllək, ülgüc-bülöv ilə məğul dövlət qazandı, sən puç etdin. Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis dəlləkləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. Odur, bir qəbristanlıq adam qırdın, xalq işindən başa düşdü, tərkini qıldı. İndi nə dəlləksən, nə həkim... Neçə kərə mən sənə dedim ki, rus həkiminin yanına gedib barı qızdırma davasını ondan öyrən; qarpız suyu ilə qızdırmaya müalicə etməkdən əl çək, sözümə qulaq asmadın...

Ağa Zaman: (etiraz ilə) Mənə dedilər ki, rus həkimi qızdırmaya xleb-sol ilə müalicə edir.
Rus dili bilənlərdən soruşdum: sol nədir? Dedilər duz. Mümkündür qızdırmaya müalicə etmək duz ilə?

Molla Salman: (Ağa Zamanın ağzını yumub) Kəs səsini, allahı sevərsən, həmaqətini az bildir, o duz başqa duzdur. (Sonra üzün Hacı Nuruya tutub) Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm?!

Hacı Nuru şair: Onun da səbəbi var. Ondan ötrü ki, sən çox yaxşı qatırçılığa layiqsən; amma beyninə düşübdür ki, mən də gərək molla olam, ondan ötrü ki, atam molla idi. Atan oxumuşdu, kamalı var idi, molla idi. Sən ki, öz adını dürüst yazmağa qadir deyilsən; nə üçün molla olursan? Kamal ata kürkü deyil ki, irslə övlada yetişə. O səbəbdən xalq arasında miqdarın yoxdur; dövlətin haradan olsun? Əgər qatırçılıq etsəydin, bu qavara və zor ilə ildə yüz əlli manata pul deməzdin.

Səfər bəy mülkədar: Mənim niyə dövlətim yoxdur?

Hacı Nuru şair: Sən mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət
qazanaydın; amma sən əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə
döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. Ümənayi-dövləti təqsirlidən,
təqsirsizdən şikayət etməklə təngə gətirdin. Axırda nadinc adam qələminə getdin. Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. İndi istəyirsən ki, bir yalançı kimyagərin dövlətindən birdən pullanasan, necə ki, Məşədi Cabbar təməinin çoxluğundan puluna yekəyek fayda kəsib, tamam cüzvi tənxahını birdən xalqa dağıtdı ki, birdən pullansın. İndi yalnız tənxahına da razıdır, əgər ələ gələ...

Hacı Kərim zərgər: Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur, bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən? Qış tapsan, yaz tapmazsan; yaz tapsan, qış tapmazsan; sənin sözünlə, sənin hünərin, yəni şeyr demək bəs gərək bir böyük iksir olaydı?!

Hacı Nuru şair: Bəli, mənim hünərim filhəqiqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filiz-zat lazımdır ki, onun tərkibini qəbul edə; habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var; bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir?

Hacı Kərim zərgər: Bu nə qələt edir, nə yava danışır? Səni kim bu məclisə çağırdı? Nəsihət verən vaqe oldu? Görəsən, haradan bu belə filosof olubdur? Çıx get, sənin nəsihətin bizə lazım deyil!

Tamam əhli-məclis: (bir yerdən) Çıx get, sənin nəsihətin bizə lazım deyil!

Hacı Nuru şair: (tələsik şeyr kağızını götürüb qoynuna dürtür) Gedirəm, doğru söz acı olar.

(Gedir)

Hacı Kərim zərgər: (əhli-məclisə) Həzərat, sözümüz sözdür. Gərəkdir ki, gələn həftənin
başında pullar hazır ola, yola düşək Molla İbrahimxəlilin hüzuruna, Xaçmaz dağlarına.
Tamam əhli-məclis: (bir yerdən) Bəli, sözümüz sözdür.

Pərdə salınır.