Məzmuna keç

Hey yanar

Vikimənbə saytından
Hey yanar
Müəllif: Aşıq Əsəd
Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010.

Beş gözəlin aşiqiyəm müttəsil,
Könül istər, tapmaz, nara hey yanar.
Zərrəcə görməsəm mah camalını,
Sızıldar bədənim, nara hey yanar.

Müsəlman şərtində beşi bilməyən,
O ərşdə yazılan beşi bilməyən.
Vaxtını addadıb, beşi bilməyən,
Məhşərdə cəsədi nara hey yanar.

Xəstə sızıldayar nara yetməsə,
Təbib neşdər vurmaz yara yetməsə,
Rzayev Əsəd də yara yetməsə,
Xab etməz sübhətən, nara hey yanar.