Heydər Əliyevin 15 iyun 1993-cü ildə Milli Məclisdə çıxışı

Vikimənbə saytından
Heydər Əliyevin 15 iyun 1993-cü ildə Milli Məclisdə çıxışı (15 iyun 1993)
Müəllif: Heydər Əliyev


Hörmətli millət vəkilləri, hörmətli prezident!

Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm. Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əminamanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona görə də bu məsələ əsas məsələlərdən biridir. Bundan sonra da bu məsələlər Ali Məclisin diqqət mərkəzində olmalıdır. Sizi bu barədə tam əmin edirəm. Dünən elan olunan Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Türkiyənin təşəbbüsü nəticəsində imzalanmış sənəd bizim müharibə şəraitindən tədricən çıxmağımız üçün ilk addımdır. Yəqin ki, bu sahədə gələcəkdə daha da güclü tədbirlər görülməlidir ki, Azərbaycan Respublikası bütün ərazisinin sahibi olsun və bizim xalqımız müharibə şəraitindən çıxa bilsin. Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam. İndi bizim respublikanıi gərgin vəziyyətdə olmasının əsas səbəblərindən biri iyun ayının 4-də Gəncədə baş vermiş hadisələrdir. Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmişlər hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır. Bu məsələ ilə deputat-istintaq komissiyası məşğul olur. Biz isə gərək tezliklə yaranmış gərginliyi aradan qaldıraq. Dünən prezident Əbülfəz Elçibəylə danışıqlarımız olub, Gəncədə də mən danışıqlar aparmışam, mənimlə gedən şəxslərlə və təkbətək. Ona görə mən güman edirəm ki, bizim bütün səylərimiz bu gərginliyi aradan götürməyi, bu qarşıdurmanı aradan götürməyi təmin edə biləcəkdir. Ancaq demişəm, bir də deyirəm: heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim xalqımızın müdrikliyi, nüfuzlu adamların, Azərbaycanın ziyalılarının, Azərbaycanın ağcaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir yerdə çalışmamız şübhəsiz ki, bunları təmin edə biləcək. Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparapaq, ümumi dünyəvi bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik (bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək.

Azərbaycanda gərginlik bir tək Qarabağ problemi ilə, yəni Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar olan səbəblərdən deyil. İndi Gəncə hadisələri baş verdi. Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də Azərbaycanda uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasındakı münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq. Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüz illiklərlə çox yaxın olub. Bunları qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır. Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir. Bir sözlə, sadəcə olaraq xarici siyasət sahəsində öz mövqeyimi bildirmək istəyirəm. Ali Sovetin sədri kimi bu istiqamətdə fəaliyyət göstərəcəm, bizim prezidentimizin fəaliyyətinin, Ali Sovetin, hökumətin fəaliyyətinin uğurlu olması yolunda çalışacağam. Ancaq bunların hamısından ümdə indi Gəncədə baş vermiş hadisələri, bununla əmələ gəlmiş gərginliyi aradan götürməkdən ibarətdir. Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Surət Hüseynov mənim bu səsimi eşidəcək, özünü müdrik aparacaq və biz bu bəladan tamamilə qurtara biləcəyik. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm. Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. Indi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qısas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qısasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qısasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizamintizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm.

Güman edirəm ki, Ali Sovetlə, Azərbaycan prezidenti Əbülfəz Elçibəylə birlikdə, hamımız birlikdə biz bu vəziyyətdən çıxa biləcəyik. Sizin hamınızı bu yolla birliyə dəvət edirəm. Sağ olun.

İ.İbrahimov: Heydər bəy, ... Sizin Ali Sovetin sədri olmağınız vəziyyətdən çıxmaq üçün bizə - mən bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma, bütünlüklə Azərbaycan xalqına qarant verə bilərsiniz, yoxsa yox?

H.Ə l i y e v: Mən qeyd etdim, bir də bildirmək istəyirəm ki, Gəncədə vəziyyət həddindən artıq gərgindir. Bu məsələlərin həll olunması böyük səylər tələb edir. Ona görə də mən indi Gəncədəki vəziyyət haqqında, apardığım danışıqların məzmunu haqqında məlumat verməyi məsləhət görmürəm. Mən Gəncədən qayıdan kimi dərhal Azərbaycan prezidenti Əbülfəz Elçibəyin yanında olmuşam, bir neçə saat bütün məlumatları Əbülfəz Elçibəyə vermişəm. Əgər mən bu işə, bir də qeyd edirəm, öz vicdanımın tələbi ilə və ən çox Azərbaycan Respublikasının əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa, demək mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın. Burada bu məsələnin müzakirəsində cürbəcür sözlər deyib. By məsələnin ayrı-ayrı istiqamətlərə yönəldilməsi məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımı bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar.

Mənbə[redaktə]

  • Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab. Bakı 1997.