Heyranam bir gülə, heyran ona cənnət bağı

Vikimənbə saytından
Heyranam bir gülə, heyran ona cənnət bağı
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 22.

Heyranam bir gülə, heyran ona cənnət bağı,
Hurilər də ola bilməz atılan dırnağı.

Pərdeyi-qeybi- yarıb, rəfi-niqab etsə o mah,
Görən heyrətlənər, ağzında qalar barmağı.

Gəl, o qanla bəzənən lalələrin xatirinə,
Yandırır bağrımı, ey lalərux, hicran dağı.

Mürği-dil etdi səfər mənzili-cananə tərəf,
Sinəsin deşdi üqabi-əcəlin caynağı.

Fani dünya kimi dünyadakılar fani imiş,
Nə könül sirdaşı varmış, nə də dərd ortağı.

Dişlərin ləblərin altında düzülmüş səf-səf,
Kim atıb incilərin üstünə gül yarpağı?

Aç, o könlüm quşunu zülfi-girehgirindən,
Əcr alar həbsdən azad eləyən dustağı.