Məzmuna keç

Hiyləgər keçi

Vikimənbə saytından
Hiyləgər keçi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Günlərin bir günündə el dağdan arana köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar. Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, lələ köçüb, yurdu qalıb; bir-birinin üzünə baxdılar.

Dana ağlayıb dedi:

– Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə.

Keçi dedi:

– Gedək bir daxma tapıb içində yaşayaq.

Hər üçü buna razı oldu. Çox gəzdilər, az gəzdilər, dana bir ayı dərisi, keçi bir qurd dərisi, qoyun da bir tülkü dərisi tapıb büründü. Bir xeyli gəzəndən sonra daxma tapdılar. Sevinə-sevinə içəri girib gördülər: bir ayı, bir qurd, bir də bir tülkü oturub söhbət eləyir.

Ayı sevinib dedi:

– Tülkü baba, qalx bir odun gətir.

Tülkü gedib odun gətirdi. Ayı odunu döşünə basıb dedi:

– Dınqır sazım, dınqır sazım, bir dana yemişəm, biri də bacadan düşdü.

Qurd odunu ayıdan alıb dedi:

– Dınqır sazım, dınqır sazım, bir keçi yemişəm, biri də öz ayağı ilə gəldi.

Sonra odunu tülkü aldı:

– Dınqır sazım, dınqır sazım, bir qoyun yemişəm, birini də yeyəcəyəm.

Bu sözü eşidən keçi qoyuna dedi:

– Qalx, mənə bir odun gətir.

Qoyun keçiyə bir odun verdi. Keçi odunu döşünə basıb böyürdü:

– Dınqır sazım, dınqır sazım, bir qurd yemişəm, dərisini bürünmüşəm, birini də yeyəcəyəm.

Odunu danaya verdi. Dana bir şıllaq atıb dilə gəldi:

– Dınqır sazım, dınqır sazım, bir ayı yemişəm, dərisini bürünmüşəm, birini də yeyəcəyəm.

Dana da odunu qoyuna verdi, qoyun söylədi:

– Dınqır sazım, dınqır sazım, bir tülkü yemişəm, dərisini bürünmüşəm, birini də yeyəcəyəm.

Tülkü bu sözü eşidən kimi götürüldü. Onun dalınca qurd daban aldı, ayı da onlara baxıb qaçdı. Keçi yoldaşlarına dedi:

– Bu kələklə ölümdən qurtardıq. Gəlin qaçıb bir yana gedək. Onlar yolda fikirləşəcək, geri qayıdıb bizi yeyəcəklər.

Keçinin fikrini bəyənib yola düşdülər. Bir az getdilər. Qabaqlarına bir qaya çıxdı. Dırmaşıb qayanın başına çıxdılar, orada uzandılar. Ayı, qurd və tülkü də bir xeyli qaçdılar. Sonra bir ağacın dibində durdular.

Qurd dedi:

– Ədə, qoyun, keçi, dana bizi yeyə bilməz. Onlar bizi aldatdılar. Qayıdın gedək, onları yeyək.

Qayıdıb daxmaya gəldilər, gördülər ki, lələ köçüb, yurdu qalıb. Onların izi ilə gedib qayaya çatdılar. Gördülər ki, keçi, dana, qoyun qayanın başındadı. Ayı gözlərini aşağıdan yuxarı bərəldəndə, dana bərk qorxdu, ayağı sürüşüb tappıltı ilə qayadan yerə düşdü. Dananı görən keçi, səsi gəldikcə bağırdı:

– Dana qardaş, sən ayını bərk tut, qaçmasın, biz də qurdla tülkünü tutaq.

Tülkü keçinin bu sözlərini eşidən kimi qaçdı, onun dalınca qurd, qurdun da dalınca ayı götürüldü. Keçi, dana, qoyun o ki, var güldülər, sonra hər üçü bir-birinə qoşulub arana gəldilər.