Məzmuna keç

II Abbasın Şəki ölkəsinin kəndxudalarının şikayətləri ilə bağlı fərmanı

Vikimənbə saytından
II Abbasın Şəki ölkəsinin kəndxudalarının şikayətləri ilə bağlı fərmanı (1648-ci ilin fevral ayı)
Müəllif: II Şah Abbas
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh. 191.


Hakimiyyət Allaha məxsusdur [Möhür izi:] Şahi vilayətin qulu Abbas, 1051

Uğurlu fərman verildi o haqda ki, bu zaman Şəki ölkəsinin kəndxudaları yüksək şahın sarayına gələrək [ona] çatdırdılar ki, vəkillərdən əmirlik və hökumətin pənahı Şəki ölkəsinin hakimi Abbasqulu Sultan və qeyd olunan ölkənin keçmiş hakimi Aslan Sultan həmin mahalın onların tituluna vərildiyi tarixdən indiyədək, pul tə'minatı və rüsumət ünvanı ilə onlardan ali divanın müəyyən etdiyi qaydadan beş min tümən artıq pul almışlar. 2 Qışlaqbaşı, onların mülklərinin malikənəliyi və digər hesabdan-kənar adələtsizliklər yolu ilə həmin şəxslərin malına zorla sahib çıxmışlar. Buna görə qərara aldıq ki, hökmranlıq və qüdrətin pənahı, dəbdəbə və cəlalli dəstgaha malik, yüksək vəzifəli, əmirlərin əmiri, hökmranlıq bacarığına malik, cəlalli və iqballı Şirvan bəylərbəyisi Xosrov xan, nurani şəriət adamları və həmin vilayətin əhalisinin yüksək [nümayəndələri] ilə birlikdə [işin] həqiqətinə ətraflı surətdə yetişərək ədalətli, haqq və hesabın tələb etdiyi qayda əsasında tədbirlər görsün. Elə etsinlər ki, nəzərdə tutulmuş hesabla uyğun gəlməyən heç bir tədbir görülməsin. Bunu vacib sayaraq özlərini vəzifədar bilsinlər.

Yazıldı 1058-ci ilin səfər ayında