I Şah Təhmasibin Zığ kəndinin Bibiheybət məqbərəsinə vəqf olunmasını təsdiq edən fərmanı

Vikimənbə saytından
I Şah Təhmasibin Zığ kəndinin Bibiheybət məqbərəsinə vəqf olunmasını təsdiq edən fərmanı (1547)
Müəllif: I Şah Təhmasib
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh 186.


1547-ci ilin fevral ayında verilmişdir.
SSRİ EA Leninqrad arxivi, B.A.Dornun fondu,
№ 776, siyahı 1, N2 630.
Musəvi T.M. Bakı tarixinə dair orta əsr sənədləri.
B., 1967, s. 63.

Hakimiyyət Allaha məxsusdur

[Möhür izi:] Şahi-vilayətin qulu Təhmasib

Mübarək fərman verildi o haqda ki, Badkuyə ətrafında yerləşən Zığ kəndi bütün sərvət və əmlakı ilə birlikdə haqq imam övladı Bibiheybətin - onun babalarına və özünə salavat və salam olsun – müqəddəs asitanəsinə vəqf edildiyinə və bu haqda heç bir dəyişiklik olmadığına görə Badkuyənin amillə-indən, divan işlərinə baxanlarından, kələntərləri və kətxudalarından heç biri, heç bir adla qeyd olunan kəndin ətrafında dolanmayaraq hər hansı tələb etməsinlər. Qeyd olunan ölkənin hakimləri, tiyuldarları və daruqələri yazılmış qayda üzrə qərar verildiyini bilsinlər. Ondan kənara çıxmasınlar. Qeyd olunan kəndin rəiyyətlərinin, habelə mübarək asitanənin dərvişləri və xidmətçilərinin gözlənilməsini vacib bilərək yazılı göstəriş verməsinlər və məmur göndərməsinlər. Heç bir yaranmış ixracat adı ilə, habelə ələfə, ulufə, ulağ, bigar, şikar və sair şeltaqat və əhalini aclığa məruz qoyan hər hansı ad və qayda ilə olursa-olsun təcavüz etməsinlər. Qeyd olunan ölkənin bəniçəsi daxilindən çıxarılmış və kənar olunmuş bilsin[lər]. Bu barədə göstəriş verilməsini lazım bilərək ona hərtərəfli riayət etsinlər. 954-cü il məhərrəm ayının 20-i.