Məzmuna keç

I fəsil. Xilas olan oğlan

Vikimənbə saytından
Harri Potter və fəlsəfə daşı. I fəsil. Xilas olan oğlan
Müəllif: Coan Ketlin Roulinq
Tərcümə edən: Fəxrəddin Ağazadə
II fəsil. Yoxa çıxmış şüşə


Mister və missis Durslilər Rivet Drayv küçəsində 4 nömrəli evdə yaşayır və həmişə fəxrlə bildirirdilər ki, onlar, şükür Allaha, tamamilə normal insanlardır. Kimdən olsa da, onlardan gözləmək olmazdı ki, onlar nə vaxtsa, hansısa qəribə və ya müəmmalı vəziyyətə düşsünlər. Mister və missis Durslilər istənilən qəribəliyə, müəmmaya və bu kimi boş şeylərə həmişə pis baxırdılar. Mister Dursli drel istehsalıyla məşğul olan "Hranninqs" firmasına başçılıq edirdi. O, çox qısa boyunlu və lopa bığlı kök kişiydi. Missis Dursliyə gəldikdə isə o, arıq, kürən qadınıydı, boynu isə boyuna uyğun nisbətdən demək olar ki, iki dəfə uzunuydu. Amma bu qüsur onun xeyrinəydi, çünki missis Dursli vaxtının çoxunu qonşuları pusub onların söhbətlərinə qulaq asmaqla keçirirdi. Belə uzun boyunla başqalarının çəpərinə boylanmaq çox rahatıydı.

Mister və missis Durslilərin Dadli adlı balaca oğulları vardı. Onların fikrincə, bu oğlan dünyanın ən gözəl uşağıydı.

Durslilər ailəsi arzulanması mümkün olan hər şeyə sahib idi. Amma onların bir sirri vardı və dünyada ən çox qorxduqları şey də oydu ki, kimsə bu sirrdən xəbər tutar. Durslilər hətta təsəvvür belə edə bilmirdilər ki, Potterlər haqqında həqiqət aşkara çıxsa, onların başına nələr gələr. Məsələ burasındaydı ki, missis Potter missis Durslinin doğmaca bacısıydı, amma onlar artıq bir neçə ildir ki, bir-birini görmürdülər. Missis Dursli hətta özünü elə aparırdı ki, guya onun ümumiyyətlə bacısı yoxdur, çünki bacısı və bacısının heç nəyə yaramayan əri Durslilərin tam əksinəydilər.

Durslilər fikirləşəndə ki, Potterlər bir gün onların küçələrinə gələ bilərlər, az qala dəli olurdular. Durslilər bilirdilər ki, Potterlərin də balaca oğlu var, hansını ki onlar heç vaxt görməmişdilər. Ər-arvad qətiyyən istəmirdilər ki, Dadli belə valideynlərin övladıyla ünsiyyətdə olsun.

Çərşənbə axşamı darıxdırıcı və boz bir səhərdə mister və missis Durslilər yuxudan ayılanda — bizim əsl tarixçəmiz məhz bu səhərdən başlayır — heç kim, hətta buludlarla örtülmüş göy də bilmirdi ki, tezliklə bütün ölkədə qəribə və müəmmalı hadisələr baş verəcək. Mister Dursli özünün ən pis qalstuklarından birini bağlaya-bağlaya burnunun altında hansısa mahnının melodiyasını mızıldanırdı. Missis Dursli isə müqavimət göstərən və bağıran Dadlini hündür uşaq stuluna yerləşdirib xoşbəxt təbəssümlə ərinə məhəllənin son dedi-qodularını danışırdı. Məhz bu an pəncərənin önündən uçub keçən böyük bayquşu onlardan heç biri görmədi.

Doqquzun yarısında mister Dursli çantasını götürdü, missis Durslini öpdü və vidalaşmaq üçün Dadlini də öpməyə cəhd etdi. Amma onun bu cəhdi baş tutmadı, çünki Dadli bərk qəzəblənmişdi (bu, tez-tez baş verirdi). O, stulda irəli-geri yırğalanır, boşqablarındakı sıyığı götürüb divara sürtürdü.

— Ah, mənim balacam! — ağzından zor-zülm bu sözləri çıxara bilən mister Dursli onlardan ayrıldı və maşına oturub həyətdən çıxdı.

Və dərhal da əcaib bir mənzərəylə qarşılaşdı — küçənin kənarında önünə xəritə sərilmiş bir pişik vardı və o nəsə öyrənmək istəyirmiş kimi diqqətlə bu xəritəyə baxırdı. İlk saniyələrdə mister Dursli gördüklərinin fərqinə varmadı. O, yalnız pişiyi öyüb keçəndən sonra ayıldı, əyləci basıb cəld geri boylandı. Rivet Drayv küçəsinin kənarında həqiqətən də zolaqlı bir pişik vardı, amma xəritə-filan gözə dəymirdi.

Mister Dursli öz-özünə mızıldandı:

— Gör adamın gözünə nələr görünür!