Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi
Görünüş
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi Müəllif: Məhəmməd Füzuli Tərcümə edən: Hüseyn Cəlilov |
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?[1][2]
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?[3][4]
Yetirdi başini gərdun ayağə bari-möhnətdən,[5][6]
Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?[7][8]
Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,[9]
Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?[10]
Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,[11]
Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?[12]
Yetər, cəm eylə bari-məsiyət, təğyiri-ətvar et,[13]
Həya qıl, yoxmudur insafın, ol kim, var yetməzmi?[14]
Hidayət mənzilinə yetdilər səyilə əqranın,[15][16]
Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?[17][18]
Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,[19]
Tutan damani-şəri-Əhmədi-Muxtar, yetməzmi?[20][21]
- ↑ Ey könlüm, artıq əcəl gəlir, ölürsən, ömrün son çağlarıdır. Hələ də Sevgilinin üzünün zövqündən bezməmisən? Yetməz bu qədər?
- ↑ İzaha cəhd: Ümumiyyətlə, kainatda Yaradan və yarananlar arasında müxtəlif düşüncələr var. Bəzi inanclar hətta Yaradanın olmadığına, cahanın sonsuz olacağına inanırlar. Bəzi inanclar isə, əksinə, Tanrının mövcudluğunu qəbul edirlər. Bu cür inanclar da müxtəlif qruplara bölünürlər. İnsanların bəziləri çoxallahlı, bəziləri təkallahlı inanclara inanırlar. Yəni inanclar çeşidlidir. Amma Tanrı və insan arasında 3 əsas baxış var. İlki filosofların, dünyəvi alimlərin düşüncəsidir. Onlar düşünürlər ki, Tanrı mövcuddur və Onun yaratdığı hər şey də mövcuddur. Yəni, Onun yaratdığı hər şey mütləqdir, mövcuddur. İkinci düşüncə isə aşiqlərin, bəzi digər inancların fikri və inancıdır. Onlar düşünürlər ki, hər şey Allah`dandır. Başqa heç bir mövcud deyil. Mövcud olan sadəcə O`dur. Üçüncü düşüncə isə ürfan elminə, ariflərə məxsusdur. Onlar düşünürlər ki, Tanrı mövcuddur və Onun yaratdıqları da mövcuddur. Amma hər bir şey Ondan nişanədir. Hər bir şey nisbidir: müəyyən müddət sonra olmayacaq. Mütləq olan sadəcə O`dur və hər şeY Ondan nişanədir. Dahi şair Məhəmməd Füzuli də öz yaradıcıllığında ürfandan istifadə edib. Azərbaycan ədəbiyyatındakı şairlər bu düşüncələrdən müxtəliflərinə inansalar da, Füzuli məhz ürfan elmindən bəhs edib. Öz yaradıcıllığının bütünlüklə bütöv hissəsində bu inancdan, onun dərin düşüncələrindən yazmışdır. Onun üçün hər şey var, mövcuddur, amma Allahdan nişanədir. Odur ki, bu misrada da ömrünə az qaldığını, əcəlin gəldiyini deyərək hələ o də məhbubun eşqində olduğundan bəhs edir. Çünki, ürfan inancında aşiq üçün öz yarından vacib bir şey yoxdur. O hər daim yarı ilədir.
- ↑ Artıq öz saçının tükləri də ağarmış, ömrün çağları keçmişdir. Hələ də o Sevgilinin telinin sevdasından bezməmisən? Yetməz bu qədər?
- ↑ İzaha cəhd: Ürfan inancına görə insan Allahdan gəlib və Allaha gedəcək. Bu həyat isə sadəcə məhbuba gedən yoldur. Necə ki, saç buruq-buruq və keçilməsi çətindirsə, eyni ilə bu dünya çirkinliklərindən qopub məhbuba getmək də çətindir. Odur ki, aşiq öz yarına tərəf getdikdə bütün bu keçilməzləri, sıxıntıları saça bənzədir. Özünü yarın saçına əsir olmuş hiss edir. Məqsədi isə bu çirkinliklərdən qaçıb "həbs"dən azad olmaqdır. Ürfanda aşiq üçün yarına qovuşmaqdan başqa məqsəd yoxdur.
- ↑ Fələk, taleh səni qocaldaraq, dərd-kədərlə başını ayağına gətirdi, belini əydi.
- ↑ İzaha cəhd: Ürfanda həyat ziddiyyətlərdən ibarətdir. Məsələn, nümunə çəkirlər ki, ən böyük heyvanlardan biri ayı olmasına baxmayaraq, ən çox yatan heyvan da ayıdır. Ən kiçik heyvanlardan biri də qarışqa olsa da, çox zəhmətkeş, çalışqan heyvandır. Onlar düşünür ki, kədər sevgidən irəli gəlir. Baxmayaraq ki, bunlar tamam zidd şeylərdir, amma ürfana görə bunlar birlikdədir. Məsələn, sevdiyiniz biri sizi kədərləndirmirsə, bu o deməkdir ki, o artıq sizi sevmir. Çünki, sizə dəyər versəydi, onun nəzərində olsaydınız o sizi xatırlayar, kədərlə də olsa yad edərdi. Ürfana görə, bu yad etməməkdən yaxşıdır. Odur ki, aşiq daim yarından kədər, bəla, dərd gözləyir. Və ürfana görə dünyəvi eşqdə yar aşiqi sevirsə, ilahi eşqdə yenə təzad var. Məsələn, normal dünyəvi eşqdə yar ona tərəf gələn aşiqi sevindirər, şənləndirərsə, ilahi eşqdə aşiq yarına tərəf getdikcə zəifləyər, beli bükülər və Füzulinin qeyd etdiyi kimi ayağı başına qalxmaq əvəzinə, qəddi yüksəlmək əvəzinə, ayağı başında doğru düşər, qocalar. Bu da ürfani eşqin nişanələrdir. Aşiq yarından gələn hər şeyə razıdır.
- ↑ Hələ də bu vəziyyətdə Sevgilinin xoş qoxulu saçının buruqlarının xəyalından doymadın? Yetməz bu qədər?
- ↑ İzaha cəhd: Şair burda da eşqindən bezmədiyini, xoş qoxulu saçların halqasında əsir olduğunu xatırlayır. Bu xoş qoxular əbəs deyil. Ürfanda hər hansı bir şey yara aiddirsə, aşiqi yarına yaxınlaşdırırsa, o xoş şeydir, hətta ən gözəl şeydir. Ürfana görə, aşiq yarı üçün özünü məhv etməlidir.
- ↑ Artıq ömür keçib, əcəl peymanəsin içmək vaxtıdır. Ölüm yaxındır
- ↑ Hələ də o Sevgilinin qan içən, can alan qəmzəsinin xəyalının eşqi bəs etməyib sənə? Bu məqamda da doymamısan ondan?
- ↑ Artıq qulağına ölüm səfərinin cingiltisi gəlir, ölüm yaxındır.
- ↑ Bu məqamdada Sevgilinin gül üzünü tamaşa etməkdən doymadın? Yetmədi bu qədər?
- ↑ Günahlarını yığ, davranış və əxlaqını dəyişdir.
- ↑ Bir az həya et, bu qədər günahın var, hələ də bəs etmir?
- ↑ Bütün tay-tuşların səy ilə hidayət oldular, eşqə çatdılar.
- ↑ Bura da digər aşiqlərin yarına qovuşub səadətə çatmasına nişanə var. Çünki, ürfana görə, aşiq sadəcə öz yarı ilə səadətə çatar. Digər xoş hadisələr sadəcə keçici həvəslərdir. Ürfana görə, daimi və əbədi olan yalnız o məhbubdur.
- ↑ Bircə sən zəlalətdə qalmısan. Sənə bu utanc, ar bəs etmir?
- ↑ İzaha cəhd: Aşiqin yarına qovuşa blməməsi, onun saçlarında "əsir" olması aşiq üçün həsrət və zəlalətdir. Aşiq üçün bundan böyük dərd yoxdur.
- ↑ Füzuli, məqsəddəki mənzilə çatmaq çox da müşkül, çətin deyil
- ↑ Elə bir adam var ki, Məhəmməd şəriətinin ətəyindən tutub o mənzilə yetməsin?
- ↑ İzaha cəhd: Dahi şair burda da ürfana görə eşqin zirvəsini fəth etmiş, eşqin ən böyük ustadlarından biri sayılan Məhəmməd ibn Əbdürrəhmanı nümunə göstərir. Yenə ürfana görə, onun yolu ilə gedənlərin yarına qovuşacaqlarını aşiqlərə çatdırır.