Könül (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Könül Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Əsərləri (PDF) (az.). "Avrasiya press". 2006. ISBN 978-9952-421-82-8. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Bəd gəldi ruzigar, döndü zamana,
Baxmaynan yaxşıya, yamana, könül,
O vaxt bənna idin bürc hasarında,
İndi də yatıbsan nə xanə, könül?
Kəsildi məhəbbət, hörmət azaldı,
Uşaq da, böyüklə üzbəüz oldu,
Tərk oldu mərd iyid, qurğu pozuldu,
Zaya getdi ilqar kamana, könül.
Hanı ağ sürülər, daşqınlı sellər,
Əcəb tamaşalı sonalı göllər!
Səddi qəhrəmana bənzəyən ellər,
Qərq oldu dəryaya, ümmana, könül.