Məzmuna keç

Könül sarayına mehri buraxdı ta tabi

Vikimənbə saytından
Könül sarayına mehri buraxdı ta tabi
Müəllif: İmadəddin Nəsimi


Könül sarayına mehri buraxdı ta tabi,
Gözümdən oğru xəyalın oğurladı xabı.

Cigər damarı gözündən yol eyləmiş çeşmə,
Bu babdən cigəridir bu çeşmənin abı.

Müdam cami-ləbin həsrətindən axar yaş,
Bəbəkləri qədəhindən şərabi-innabı.

Gözüm səvadinə girmiş bənin kimi nəqşin,
Qaranqudan necə bulmuş bu oğru ol babı?

Cəmalını diləyən ayə iltifat etməz,
Kim arzulaya günəşin qatında mehtabı?

Şərabi-lə’linə saqi əcəb, nə qatmışdır
Ki, bixud edərü mədhuş şeyx ilə şabı?

Götür niqabı, cahanı cəmali-hüsn ilə dut
Ki, bəylik etməyə cəm eyləmişdir əsbabı.

Təbəssümə gəlicək gül kimi dodaqların,
Ziyafətində qılır qərqə şəkkəri-nabı.

Fəraqi-cövrünə qatlan, Nəsimi, gəl səbr et,
Ola ki, açıla bir gün vüsal əbvabı.