Məzmuna keç

Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq

Vikimənbə saytından
Könlümün şəhrini çün kim, eylədi yəğmayi eşq
Müəllif: İmadəddin Nəsimi


Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,
Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.

Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi,
Halıma həmdəm olandan dünyada sevdayi-eşq.

Qalmadı namusü namım eşq içində zərrəcə,
Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq.

Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam,
Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq.

Sən humayun laməkansan, kəndözündən bixəbər,
Gəlmədin ta kim, görəsən mənzili-ə’layi-eşq.

Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et,
Bas qədəm meydani-eşqə görəsən mə’vayi-eşq.

Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf,
Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.