Könlümə (Ayrım Əhməd)
Görünüş
Könlümə Müəllif: Ayrım Əhməd |
Murğu, səhər dan qızardı, gəl dilə,
Bir nəğmə de, bağrı yanmış könlümə.
Ayrılıq saatı dönübdü ilə,
Ovlağından aralanmış könlümə.
O vaxt ki, əlindən getdi ixtiyar,
Yada salmaz qohum-qardaş, nə də yar.
Əsdi afat, döydü dolu, yağdı qar,
Bostan kimi uralanmış könlümə.
Bir həyatdı, bir hicrandı, bir də mən.
Nə bülbül var, nə lalə var, nə çəmən.
Bir şad xəbər gətirmisən, bəlkə sən,
Yasa batıb qaralanmış könlümə?
Kim çəkibdir Əhməd qədər hicranı?
Gözü yaşlı bağlayıbdır dastanı.
İndən belə gəlsə dünya loğmanı,
Əlac olmaz paralanmış könlümə.