Məzmuna keç

Könlüm açılır zülfi-pərişanını görgəc

Vikimənbə saytından
Könlüm açılır zülfi-pərişanını görgəc
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.83.

Könlüm açılır zülfi-pərişanını görgəc,
Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-müjganını görgəc.

Rə’nalıq ilə qaməti-şümşadı qılan yad,
Olmazmı xəcil sərvi-xuramanını görgəc?

Çox eşqə həvəs edəni gördüm ki, həvasın
Tərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm,
Imanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,
Etməzmi həya lə’li-dürəfşanını görgəc?

Sən hali-dilin söyləməsən, nola, Füzuli,
El fəhm qılır çaki-giribanını görgəc.