Könlüm dənizi şimdi yenə taşa gərəkdür

Vikimənbə saytından
Könlüm dənizi şimdi yenə taşa gərəkdür
Müəllif: Qazi Bürhanəddin


Könlüm dənizi şimdi yenə taşa gərəkdür,
Nəqş eyləyə eşqi bütimək taşa gərəkdür.

Tənüm qurıdı dərd iləvü oldı dəniz yaş,
Lütfün sənün, ey şəh, quruvü yaşa gərəkdür.

Eşqin sirrini bişürübən gizləyiməzəm,
Od çünki əsər qıla aşa-aşa gərəkdür.

Gözün gözümə çəkər oxın könlümə urur,
Əsrük dəxi həm atduğını şaşa gərəkdür.

Hər zahidi-xama, şaha, gösdərmə yüzüni,
Büt bənciləyin rind ilə övbaşa gərəkdür.

Kim bir göz ilə nəqşi-cəmalünə baxarsa,
Yüz göz ilə canın verə nəqqaşa gərəkdür.

Bir nöqtədə qoyan otuz iki düri-xoşab
Bin gənci nihan eyləyə xaşxaşa gərəkdür.

Aşüftədürür gisusı pürşuram anunçün,
Aşiq dəxi məşuqına oxşaşa gərəkdür.

Ta basa xəyalün yüzümi sulaya gözüm
Pəs bir nəzərün dəxi bu rəşşaşa gərəkdür.