Könlümdə mənim eşqi-camalın əzəlidir
Könlümdə mənim eşqi-camalın əzəlidir Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.219. |
Könlümdə mənim eşqi-camalın əzəlidir,
Şol nəsnə kim, oldu əzəli, ləmyəzəlidir.
Nəfsini biləndir ki, yəqin rəbbini bildi,
Həqdən bu məqamata irən bil ki, vəlidir.
Nəfsini bilən bil ki, həqi bildi həqiqət,
Inkarına bel bağlama kim, qövli-Əlidir.
Ey üzü turuş xəl kimi zahid, meyə sun kim,
Safi ləbinin dadlu şərabı əsəlidir.
Ey yarını dünyayavü üqbaya verən, gəl,
Bul nəsnəyi dünyada ki, yarın bədəlidir.
Endirmədi baş əhsəni-təqvimə əzazil,
Anı buraxan lə’nətə, anın cədəlidir.
Idrak edəməz surətini görməyən ə’ma,
Şol mə’niyi kim, hüsni-camalında cəlidir.
Saf olmayan altun kimi mehrinlə cahanda,
Şol üzüqara qəlb imiş, adı zəğəlidir.
Ey yara fəda eyləmyən canını aşiq,
Mə’şuqdan uy vermə ki, eşqin əməlidir.
Aşiqlərinin qanına bandırdı əlin dost,
Şol qana girən daim anın simin əlidir.
Çün buldu Nəsimi əbədi ömr saçından,
Şol dirliyi neylər ki, zamani-əcəlidir.