Məzmuna keç

Küp qarısı

Vikimənbə saytından
Küp qarısı
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə. Güney Azərbaycan folkloru. I cild. Bakı, 2013

Bir padşah vardı, bunun bir oğlu vardı. Padşahın arvadı vurular öz oğluna. Oğlu deyər ki, sən mənim anamsan. Bu arvad qəbul eləməz.

Oğlan deyər:

– Gedərəm padşaha deyərəm.

Bu arvad görər bu cürdü, tez gedər padşaha deyər.

– Oğlun mənə əl atır.

Padşah da deyər:

– Cəllad gəlsin, bu oğlanın boynun vursun.

Vəzir-vəkil deyər ki, qibleyi-aləm sağ olsun, öldürmə, şəhərindən xaric elə.

Bu, oğlana bir at verər, şəhərindən xaric elər. Oğlan gedər çöldə bir köhül var idi, orada qalar. Gedərdi gündüz şikar elərdi, gətirərdi, orada yatardı. Bir gün bir dana tülkü keçirdi. Görər burada leş- zad vardı. Oturar, bunları yeyər, deyər:

– Hətmən, burada adam-madam vardı.

Getməz qalar orada. Axşam olar, oğlan gələr, görər bir dana tülkü var, bir az özü yeyər, bir azın da verər bu tülküyə. Bir gün də bir qurd keçirdi, görər tülkü oturub, deyər:

– Tülkü qardaş, nə oturmusan?

Deyər:

– Neyləyim, ağam var mənim, gətirər verər, mən də yeyərəm.

Deyər:

– Tülkü qardaş, mən də qalım?

Deyər:

– Qal da!

Axşam oğlan gələr, görər bir dana qurd var. Öz-özünə deyər:

Bu canavar hardan yığışar?

Yenə vurduğu ovdan bir az özü yeyər, bir az verər onlara. Bir gün də bir dana it keçirdi. Görər tülküynən qurd oturublar.

Deyər:

– Tülkü qardaş, qurd qardaş, nə oturmusuz?

Deyərlər:

– Neyliyək? Bizim ağzımız var. Gətirər, verər, biz də yeyərik.

Deyər:

– Mən də qalım?

Deyərlər:

– Qal da!

Axşam oğlan gələr görər bir dana it var. Sabah çox şikar elər, gətirər ki, bu heyvanlar məni dağıdar, qoy qarınların doyurum. Bir gün yenə bir dana qaraquş keçirdi göydən. Görər tülküynən qurd, bir də it oturublar. Deyər:

– Tülkü qardaş, qurd qardaş, it qardaş, nə oturmusuz?

Deyərlər:

– Neyliyək, bizim ağzımız var, o gətirər, biz də yeyərik.

Deyər:

– Mən də qalım?

Deyərlər:

– Qal da!

Axşam yenə oğlan gələr, görər bir dənə qaraquş var. Bir gün tülkü durar gedər, bir daşı dığırlada-dığırlada gətirər qoyar altına, deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, insafdı ki, elə ağa gətirsin, versin, biz yeyək oturaq?

Deyərlər:

– Neyliyək?

Deyər:

– Neyliyəcəyik, durun gedək padşahın qızını gətirək ağaya.

Deyərlər:

Axı olmaz, biz necə gətirə bilərik?

Tülkü deyər:

– Bir az mıncıqdan, zınqırovdan-zaddan tapın, gətirin, bağlayın mənim quyruğuma, deyim sizə.

Taparlar, gətirərlər, bağlarlar quyruğuna, bəzərlər, Deyərmən su gilifindən girərəm, keçərəm içəriyə, it ilə qurd da dursun qapıda, qaraquş göydə dolansın. Qız çıxanda eşiyə onu götürər qaçar.

Durarlar, gedərlər padşahın qızının həyətinə. İtlə qurd durar qapıda, qaraquş göydə. Tülkü gilifdən girib başlar həyətdə oynamağa. Kəniz bunu görər, gedər xanıma deyər:

– Xanım, bir dana şey gəlmiş, elə oynur ki...

Xanım çıxar həyətə, ona baxanda qaraquş qızı götürüb uçar. İtlə tülkü qaçarlar. Gətirərlər qızı qoyarlar köhülə. Qız görər bir dana köhüldə canavar, bikef-məyus oturubdu. Axşam olar, görər tülkü-zad hamısı getdilər.

Ağa görər bu gün tülkü, it pişvaza gəliblər. Tülkü düşər qabağa oynaya-oynaya gələr. Oğlan gələr görər ki, köhüldə bir qız. Deyər:

– Qız, sən hara, bura hara?

Deyər:

– Bunlar gətiriblər, qoyublar bura.

Padşaha xəbər gedər ki, qızını quş götürdü apardı. Padşah bir qarı tapar. Bir gün qarıya pul verər ki, gedib qızı tapıb gətirə. Qarı gətirər küpü quylar çölün bir tərəfində, gələr oturar oğlanın yolu üstə. Oğlan gələndə deyər:

– Oğul, karvanla keçirdim, düşüb qalmışam yolun üstündə.

Oğlan deyər:

– Olsun qarı nənə, mənim bir xanımım var, aparram, sən onunla həmsöhbət olarsan.

Səhər olar, bu oğlan yenə durar gedər. Qarı deyər:

– Qızım, bu çölü heç gəzmisən?

Qız deyər:

– Yox, qarı nənə!

Qarı deyər:

– Dur qızım, bu çölü bir dolanaq.

Çıxarlar bu çölü dolanmağa. Yetişərlər qarının basdırdığı küpün yanına. Qız deyər:

– Qarı nənə, bu nəmənədi?

Qarı deyər:

– Nə bilim, qızım əyil, bir bax gör!

Qız əyilib baxanda qarı itələr bu qızı basar küpün içinə, ağzını bağlar, özü də oturar üstündə. Qalxar göyə, aparar padşaha. Axşam oğlan gələr, yetişər, görər bu gün tülkü başın tutub yatıbdı. Girər görər ki, nə qarı var, nə qız. Öz-özünə deyər:

Ona görə bu tülkü mənə əgri-əgri baxırdı, ha! Köpəgin qızı, qarı!...

Yenə bir-iki gün keçər. Tülkü görər ki, ağaları çox bikefdi. Yenə gedər daşı dığırlada-dığırlada gətirər, qoyar altına, deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, bilirsiz, nə var?

Deyərlər:

– Yox!

Deyər:

– Allaha xoş getməz ki, ağa gəlib bu cür bikef otursun.

Deyərlər:

– Nə eliyək?

Deyər:

– Gedək qızı gətirək.

Yenə gedər. Tülkünün quyruğuna bir zınqrovdan-mınqrovdan bağlarlar, durarlar, gedərlər. Yenə itlə qurd kəsər qapını, qaraquş göydə dolanar. Tülkü keçər, gedər içəri. Bu qızın kənizini dəgişmişdilər. Ayrı kəniz qoymuşdular yanına. Kəniz çıxar həyətə, görər tülkü həyətdə oynayır. Deyər:

– Xanım, bir dana əntiqə şey gəlib, elə qəşəng oynur ki!...

Qız baxar, görər ki, tülküdür. Gedər qiymətdə ağır, vəzndə yüngül bir şey- mey götürər, çıxar həyətə. Çıxcaq qaraquş bunu qamarlayıb götürər, gedər. Tülkü tez su gilifindən çıxar qaçar. Gətirərlər qızı, qoyarlar köhülə.


Axşam olar, ağanın gəlmək vaxtı çatar. Tülkü deyər:

– Qurd qardaş, it qardaş, qaraquş, gedək ağanı gətirək!

Ağa görər ki, bəli, bu gün yenə tülkünün kefi sazdı, hamı gəlib pişvaza. Gələr görər ki, qız köhüldədi, qızdan soruşar. Qız deyər:

– Bu küpəgirən qarı məni apardı.

Beş-on gün keçər. Padşah qoşun çəkər bu oğlanın üstünə. Qız çıxar köhülün üstündən baxar görər ki, qoşun düşüb oğlanın yolu üstə. Tülkü görər ki, bu qız bikef oldu. Durar baxar görər ki, bəli, qoşun düşübdü ağanın yolu üstə. Daşı dığırlada-dığırlada gətirər qoyar altına, deyər:

Bunlar durarlar gedərlər. O qədər gedərlər ki, oğlanı görərlər. Oğlan görər ki, onlar bugün çox uzaqdan gəliblər. Deyər:

– Görərsən, bu gün nə var ki, bunlar buracan gəliblər?

Tülkü düşər qabağa, ayrı yoldan gətirər oğlanı. Oğlan gələr görər ki, qız bikefdi. Soruşar:

– Nə olub?

Qız deyər:

– Bə, dədəm qoşun çəkib, bə sən necə gəldin?

Oğlan deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, durun gedək ağanı gətirək!

– Məni tülkü ayrı yoldan gətirib.

Deyər:

– Da, bizimki buracandı, gecəni yataq, görək səhər başımıza nə gələr?!

Yenə tülkü gedər daşı dığırlada-dığırlada gətirər qoyar altına, deyər:

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, bunlar ki, bu cür bikefdilər, duraq biz gedək qoşunu öldürək, quş gözünü çıxardar, itlə qurd boğar, mən də bir başdan başlaram yeməyə.

Bunlar bu yol durarlar gedərlər, girərlər qoşunun içinə bir başdan onları yeyərlər. Sonra başlarını qoyub arxayın yatarlar. Səhər bu oğlan durar, çıxar baxar görsün qoşun ordadı, ya gedib. Görər ki, hamısı ölüb. Qıza deyər:

– Bizim burada qalmağımızın bəhrəsi yoxdu. Gərək buradan gedək. Tülkügilə də bir illik azuqədi. Cəmdəkləri ha yeyərlər, qurtarmayacaq ki!...

Durub atını minər, qızı da alar atın tərkinə. Çıxıb gedərlər.