Məzmuna keç

Kəşfül-Həqayiq/İxlas Surəsi

Vikimənbə saytından
Təbbət (Əbu Ləhəb) Surəsi Kəşfül-Həqayiq
İxlas Surəsi
(1904)
Müəllif: Mirməhəmməd Kərim Bakuvi
Fələq Surəsi
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. III cild. səh. 680-681. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9


İXLAS SURƏSİ
112-cu surədir. Məkkədə nazil olub, 4 ayə, 15 kəlmə və 47 hərfdir.

(٤) قُلْ هُوَ اللَّهُ أَحَدٌ (١) اللَّهُ الصَّمَدُ (٢) لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (٣) وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ

Bismillahir-Rəhmanir-Rəhim

İbn Abbas deyir: “Müşriklər Məkkədə peyğəmbərə dedilər: “Ey Məhəmməd, o yeganə olan Allah-Təala ki, bizi onun ibadətinə və tövhidinə dəvət edir sən, onu bizdən ötrü vəsf edib, bəyan et. O vaxt bu mübarək surə nazil oldu”.

1) (قُلْ هُوَ اللَّهُ أَحَدٌ) - (Ey Məhəmməd), müşriklərin cavabında de ki, o Allah-Təala ki, sizi onun tövhid və ibadətinə dəvət edirəm, tək və ikincisi yoxdur. O bütlər ki, onları Allah-Təalaya şərik qoşursunuz, batildirlər və şərik olmağa qabil və layiq deyildirlər. Bütün varlıq onun məxluqatı olduğuna görə ona şərik qoşmaq ağıl və insafdan kənardır.

2) (للَّهُ الصَّمَدُ) - O Allah-Təala ki, onu tanıyıb, göylərin və yerin yaradıcısı olduğunu iqrar edirsiniz, həmin Allah-Təala tanrılıqda tək, şəriksiz, insanlar da bütün işlərində ya könüllü, ya da məcburi olaraq ona möhtacdırlar.

3) (لَمْ يَلِدْ وَلَمْ يُولَدْ) - O, heç bir məxluqla həmcins deyil, Onun xanımı olmaz, o ikisindən övlad əmələ gəlməz və özünün də vücudu əzəli olduğuna görə cism olmaqdan pak olub, ata və anadan doğulmayıbdır. Çünki hər bir doğulan cismdir və sonradan yaradılmışdır.

4) (وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ) O, görülməz, lakin Onu bilinən şeylər ilə tərif və vəsf edərlər. Allah-Təalanın heç bir bənzəri, oxşarı və özünün də surəti olmadığından Onun həqiqi müqəddəs zatını olduğu kimi vəsf edib, tanıtdırmaq imkansızdır. Bu qeyd olunan vəsflərlə Onu tanımaq kifayət edər. Bu surənin fəziləti və Quranın üçdə birinə bərabər olması haqqında peyğəmbərdən çoxlu hədis nəql edilibdir. Bu fəzilətin səbəbi surənin Allah-Təalanın tövhidini və sifətlərini ehtiva etməsindəndir. Hər bir işin şərəfi o elmlə məlum olan işin şərəfinə müvafiqdir. Allahın tövhidindən və ilahi sifətlərindən daha şərəfli bir şey olmadığına görə onların elmi də digər elmlərdən şərəflidir. Bu mübarək surə başdan-ayağa tövhid və ilahi sifətlərdən bəhs etdiyi üçün Quranın üçdə birinə bərabər sayılıb. Hərçənd digər surələr də tövhid və ilahi sifətləri ehtiva edir, lakin bu surə sırf tövhid və ilahi sifətlərdən ibarət olduğuna görə digər surələrdən bir qədər üstünlüyə və mənəvi ülvi dərəcəyə sahibdir.

Allaha həmd olsun, İxlas surəsinin təfsiri tamam oldu. Allahın Rəsulu (ə.s) bir kişinin “De ki, Allah birdir” ayəsini oxuyan görüb dedi: vacib oldu. Dedilər: “Ey peyğəmbər, nə vacib oldu? Buyurdu: “Cənnət vacib oldu. Zənn etməyin ki, bizim də “De ki, Allah birdir” ayəsini oxumamızla cənnət bizə vacib olar. Heyhat, dil lağlağı, qəlb də oxuduğundan qafil olanda cənnət yox, cəhənnəm vacib olar. Çünki Allah-Təalanın tövhidini və ilahi sifətlərini ehtiva edən belə fəzilətli surəni şüursuz şəkildə oxuyub, Allah-Təalanın tövhidinə və ilahi sifətlərinə agah olmamaq, istehza edilməyə layiqdir. Belə şəxslərə cəhənnəm layiqdir, nəinki cənnət. Xüsusən surədəki hərflərin ərəbcədəki düzgün oxunuşuna diqqət edib, mənasından qafil olanlar sadəcə oxunuşa diqqət etməklə, özlərini kamil insan hesab edib, Haqq-Təalaya layiq sayırlar. Çox təəccüblüdür.