Məzmuna keç

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

Vikimənbə saytından
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu (2004)
Müəllif: Portal:Azərbaycan Respublikası

Bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı
1.1. Kəşfiyyat fəaliyyəti—Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir.
1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir.
1.3. Əks-kəşfiyyat fəaliyyəti—Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir.
1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir.
Maddə 2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasları
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, «Milli təhlükəsizlik haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları, bu Qanun və digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Maddə 3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri
3.0. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. qanunçuluq;
3.0.2. insan və vətəndaş hüquqları və azadlıqlarına riayət edilməsi;
3.0.3. humanistlik;
3.0.4. konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması;
3.0.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bilavasitə tabeliyində və nəzarətində olması.
Maddə 4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının təminatları
4.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilərkən şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilməməlidir. Hər bir şəxs kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri ilə əməkdaşlığa yalnız öz razılığı ilə cəlb edilə bilər.
4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti zamanı şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına yol verilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti prosesində hər kəsin şəxsi və ailə həyatı barədə əldə edilmiş sirlərin onun razılığı olmadan açıqlanmasına yol verilmir.
4.3. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən mənzil toxunulmazlığı, telefon danışıqları, poçt, teleqraf və digər göndərişlər vasitəsi ilə ötürülən məlumatların sirrini saxlamaq hüquqlarının məhdudlaşdırılması, həmçinin texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi ilə əlaqədar tədbirlərin keçirilməsinə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu, habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
4.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına yol verdikdə, müvafiq subyektlər bu hüquq və azadlıqların bərpa olunması, dəymiş zərərin ödənilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidirlər.
4.5. Hakimiyyətdən sui-istifadə etmiş və ya qulluq səlahiyyətlərini aşmış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
4.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi halları istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında ictimaiyyətin məlumat almaq hüququ
5.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında məlumatlar ictimaiyyətə, bir qayda olaraq, bu fəaliyyətin subyektlərinin yaratdığı müvafiq qurumlar vasitəsi ilə çatdırılır.
5.2. Bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri fəaliyyətlərinin ayrı-ayrı istiqamətləri ilə bağlı konkret məlumatı vətəndaşlara birbaşa çatdıra bilərlər.
5.3. Dövlət, peşə, kommersiya və istintaq sirri təşkil edən məlumatların açıqlanmasına yol verilmir. Dövlət sirri təşkil edən məlumatların yayılmasına məhdudiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada götürülə bilər.
II fəsil. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, onların səlahiyyətləri və əlaqələri
Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri
6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri—Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır.
6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər.
Maddə 7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri
7.1. Kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:
7.1.1. xarici dövlətlərin, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması;
7.1.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılması;
7.1.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və digər dövlət orqanlarının siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə qərarlar qəbul etməsi üçün zəruri kəşfiyyat məlumatları ilə təmin olunması;
7.1.4. Azərbaycan Respublikasının iqtisadi inkişafına, elmi-texniki tərəqqisinə və təhlükəsizliyinin hərbi təminatına köməklik göstərilməsi;
7.1.5. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən idarə və təşkilatlarında dövlət sirlərinin mühafizəsinin təmin edilməsi;
7.1.6. kəşfiyyat tədbirlərinin tətbiqi zamanı əks-kəşfiyyat təminatının həyata keçirilməsi;
7.1.7. texniki kəşfiyyatın həyata keçirilməsi;
7.1.8. əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat məlumatları ilə təmin edilməsi;
7.1.9. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyinin zəruri hallarda təmin edilməsi;
7.1.10. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin zəruri hallarda təmin edilməsi.
7.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:
7.2.1. xarici dövlətlərin xüsusi xidmət orqanlarının və təşkilatlarının, habelə cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması;
7.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun tapşırığı ilə digər dövlət orqanlarına ölkənin milli təhlükəsizliyinə və milli maraqlarına zərər vura biləcək təhdidlər barədə məlumat verilməsi;
7.2.3. xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlərin həyata keçirilməsi;
7.2.4. öz səlahiyyətləri daxilində dövlət sərhədinin mühafizəsinin əməliyyat təminatının həyata keçirilməsi;
7.2.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyətin aşkarlanması, qabaqlanması və qarşısının alınması;
7.2.6. öz səlahiyyətləri daxilində müdafiə kompleksi, energetika, nəqliyyat, rabitə və digər sahələrdə strateji əhəmiyyətli obyektlərin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi;
7.2.7. ali dövlət hakimiyyəti orqanlarının və xüsusi obyektlərin mühafizəsinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi;
7.2.8. Azərbaycan Respublikasının ərazisində yerləşən xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin başqa dövlət orqanları ilə qarşılıqlı əlaqədə təmin edilməsi;
7.2.9. öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılan şəxslərin öyrənilməsi;
7.2.10. öz qüvvə və vasitələri, o cümlədən texniki vasitələri ilə polisə və digər hüquq mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə kömək göstərilməsi;
7.2.11. kəşfiyyat fəaliyyəti subyektlərinin əks-kəşfiyyat məlumatları ilə təmin edilməsi;
7.2.12. öz səlahiyyətləri daxilində transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin aparılması;
7.2.13. əks-kəşfiyyat fəaliyyətinin təminatı ilə bağlı «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi.
7.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri həmçinin:
7.3.1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, informasiya təhlükəsizliyini təmin edir;
7.3.2. öz əməkdaşlarının və onlara kömək edən şəxslərin məxfiliyini təmin edir;
7.3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin xüsusi xidmət orqanlarının və müvafiq beynəlxalq təşkilatların sorğularını icra edir;
7.3.4. öz əməkdaşlarının, onların yaxın qohumlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlaklarını hüquqa zidd qəsdlərdən qoruyur;
7.3.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət sirri təşkil edən məlumatların mühafizəsini, məxfilik rejimini, xüsusi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təmin edilməsində iştirak edir;
7.3.6. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müəyyən etdiyi qaydada öz daxili təhlükəsizliyini təmin edir;
7.3.7. milli təhlükəsizlik məsələləri ilə bağlı elmi tədqiqatlar və araşdırmalar aparır;
7.3.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
7.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri Azərbaycan Respublikasının ərazisində bu fəaliyyətin digər subyektlərinin səlahiyyətlərinə aid olan faktlar aşkar edildikdə, təxirəsalınmaz tədbirlər həyata keçirməklə, həmin subyektləri məlumatlandırır və onlara zəruri kömək göstərir.
Maddə 8. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları
8.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları aşağıdakılardır:
8.1.1. Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunmasına, onun milli maraqlarına zərər vura biləcək əməllərdən qorunmasına dair dövlət proqramlarının işlənib hazırlanmasında iştirak, habelə milli təhlükəsizliklə bağlı qanunların və digər normativ hüquqi aktların, beynəlxalq saziş və müqavilə layihələrinin öyrənilməsi və müvafiq təkliflərin verilməsi;
8.1.2. Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlarına nüfuzetmənin həyata keçirilməsi;
8.1.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada rabitə kanallarından və digər mənbələrdən məlumatların çıxarılması;
8.1.4. informasiya sistemlərindən, radioelektron, video, audio vasitələrdən, kino və fotoçəkilişlərdən və digər metod və vasitələrdən istifadə edilməsi;
8.1.5. kriminalistik tədqiqatların aparılması;
8.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məlumatların toplanması, təhlili və istifadəsi, o cümlədən dövlət və yerli özünüidarə orqanlarından, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan və onların vəzifəli şəxslərindən tələb olunan məlumatların əvəzsiz alınması, onların sənədlərindən və informasiya banklarından istifadə edilməsi;
8.1.7. könüllülük və məxfilik prinsiplərinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edə bilən şəxslərlə əməkdaşlıq münasibətlərinin qurulması;
8.1.8. qarşılıqlı razılıq, o cümlədən müqavilə əsasında, dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların binalarından, həmçinin vətəndaşların yaşayış və digər tikililərindən zəruri müddətlərdə istifadə edilməsi;
8.1.9. xüsusi xidmət orqanlarının müəyyən etdiyi hallarda və qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının şəxsiyyətinin, onların idarə mənsubiyyətinin, bina və nəqliyyat vasitələrinin, habelə məxfi əsasla bu subyektlərə kömək edən şəxslərin pərdələnməsi məqsədi ilə digər dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sənədlərindən istifadə edilməsi;
8.1.10. konspirasiya məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uydurma idarə, müəssisə, təşkilat və digər hüquqi şəxslərin yaradılması;
8.1.11. informasiya-məlumat sistemləri və əməliyyat materialları fondlarının yaradılması, habelə orada olan məlumatların və sənədlərin uçotu, saxlanması və istifadə qaydalarının müəyyənləşdirilməsi;
8.1.12. odlu silahın, digər xidməti və mülki silahın, döyüş sursatının əldə edilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə olunması;
8.1.13. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi təyinatlı dəstələrin yaradılması və onlardan istifadə olunması;
8.1.14. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və öz səlahiyyətləri daxilində xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, onlarla əməliyyat məlumatının, xüsusi texniki və digər vasitələrin mübadilə edilməsi, beynəlxalq müqavilələrin və sazişlərin bağlanması;
8.1.15. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlardan istifadə edilməsi.
8.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin həmçinin aşağıdakı hüquqları vardır:
8.2.1. milli maraqlara zərər vura biləcək kəşfiyyat fəaliyyətinin və təxribat-pozuculuq əməllərinin vaxtında qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin həyata keçirilməsi;
8.2.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər daxilində cinayət işlərinin başlanılması, təhqiqatın və ibtidai istintaqın aparılması;
8.2.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə olan təhdidlərin reallaşmasına zəmin yaradan səbəb və şəraitin aradan qaldırılması barədə dövlət və yerli özünüidarə orqanlarına, mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlara, onların vəzifəli şəxslərinə təqdimatların verilməsi.
Maddə 9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əlaqələri
9.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri öz fəaliyyətlərini dövlət və yerli özünüidarə orqanları, həmçinin mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarla qarşılıqlı əlaqədə həyata keçirirlər.
9.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən tədbirlərə digər dövlət orqanlarının qüvvə və vasitələrini cəlb edə bilərlər.
9.3. Dövlət orqanları, həmçinin hüquqi və fiziki şəxslər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsində onlara zəruri kömək göstərməlidirlər.
9.4. Azərbaycan Respublikasının milli maraqlarına zərər vura biləcək əməllərdən qoruma və milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (onların hərbi xidmətdə saxlanılması və bu orqanlara mənsubiyyətinin açıqlanmaması şərti ilə) digər dövlət orqanlarına həmin orqanların razılığı ilə müvafiq vəzifələrdə işləməyə göndərilə bilərlər. Dövlət orqanlarının vəzifəli şəxsləri bu şəxslərin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyətinin açıqlanmasına görə məsuliyyət daşıyırlar.
9.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin xarici dövlətlərin xüsusi xidmətləri, hüquq mühafizə orqanları və digər təşkilatları ilə qarşılıqlı əlaqəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən həmin strukturlarla bağlanmış müqavilə və protokollar əsasında həyata keçirilir.
III fəsil. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi
Maddə 10. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər və əsaslar
10.1. Kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
10.1.1. Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsi üçün əlverişli şəraitin yaradılması;
10.1.2. Azərbaycan Respublikasına qarşı təcavüz, güc tətbiqi və ya tətbiq edilməsi hədəsi, düşmənçilik siyasətinin yeridilməsi;
10.1.3. kütləvi qırğın silahlarının Azərbaycan Respublikasına qarşı istifadə edilə bilməsi ehtimalı;
10.1.4. transmilli təhdidlərin mövcudluğu;
10.1.5. Azərbaycan Respublikasının maraqlarına toxunan mövcud və potensial regional münaqişələrin olması;
10.1.6. xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli maraqlarına zidd olan kəşfiyyat-pozuculuq fəaliyyəti;
10.1.7. Azərbaycan Respublikasının dövlət müstəqilliyinə, suverenliyinə, konstitusiya quruluşuna, ərazi bütövlüyünə, xalqın və ölkənin milli maraqlarına, şəxsiyyət, cəmiyyətin və dövlətin hüquq və mənafelərinə qarşı xarici təhdidlərin mövcudluğu.
10.2. Kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi prioritetlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
10.3. Əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
10.3.1. siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, mədəni və elmi-texniki sahələrdə Azərbaycan Respublikasının milli maraqlarına təhdidlərin mövcudluğu;
10.3.2. xarici xüsusi xidmət orqanlarının və təşkilatların, habelə ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının təhlükəsizliyinə qarşı yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinə aid məlumatların olması;
10.3.3. dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təmin olunması zərurəti;
10.3.4. separatizm, etnik, dini və siyasi ekstremizm halları haqqında məlumatların mövcudluğu;
10.3.5. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, hərbi texnikanın, silahın və sursatın qanunsuz daşınması məqsədilə Azərbaycan Respublikasının ərazisindən tranzit kimi istifadə edilməsi cəhdlərinin mövcudluğu;
10.3.6. məxfi əsasla əməkdaşlığa cəlb olunan və ya kömək edən şəxslərin öyrənilməsi zərurəti;
10.3.7. daxili təhlükəsizliyin təmin edilməsi.
10.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti xüsusi xidmət orqanlarının səlahiyyətli şəxslərinin qərarları əsasında həyata keçirilir.
Maddə 11. Kəşfiyyat və əks-kəşfiyyat tədbirləri
11.1. Kəşfiyyat fəaliyyəti subyektləri bu fəaliyyətin məqsədlərinə nail olmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərlər:
11.1.1. vətəndaşların sorğusu;
11.1.2 soraqlaşma;
11.1.3. radioelektron, video, audio, kino və fotoçəkilişlərinin aparılması;
11.1.4. rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;
11.1.5. əşya və sənədlərin tədqiqi;
11.1.6. müqayisəli tədqiq üçün nümunələrin toplanılması;
11.1.7. şəxsiyyətin eyniləşdirilməsi;
11.1.8. nəzarətli göndərişlərin həyata keçirilməsi;
11.1.9. hüquqi şəxsin yaradılması.
11.2. Kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə uyğun dövlət sirri təşkil edən xüsusi tədbirlərdən, metod və vasitələrdən istifadə edilə bilər.
11.3. Azərbaycan Respublikasının ərazisində öz vətəndaşları barədə kəşfiyyat fəaliyyətinin xüsusi tədbirlərinin, metod və vasitələrinin tətbiq edilməsinə yol verilmir.
11.4. Əks-kəşfiyyat fəaliyyətinin subyektləri bu fəaliyyəti həyata keçirərkən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərini və dövlət sirri təşkil edən digər xüsusi tədbirləri tətbiq edirlər.
11.5. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər və əsaslar, onların tətbiqi şərtləri, həyata keçirilməsi, bu tədbirlərə dair qərarların, yazılı tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi qaydaları «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
11.6. Kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirilərkən konspirasiya prinsipinə əsasən xüsusi xidmət orqanlarının qüvvə, vasitə, hərəkət, plan və niyyətlərinin xarici təzahürləri gizlədilə, həmçinin rəqibin aldadılması məqsədi ilə münasib niyyətləri və hərəkətləri təqlid edən davranış modeli tətbiq edilə bilər.
11.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi qaydası, həmçinin istifadə edilməli gizli üsul və vasitələr, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini özündə əks etdirən əməliyyat-qeydiyyat işlərinin başlanılması, növləri, qeydiyyatı, aparılması qaydaları, habelə bu işlərə dair materialların saxlanılması müddətləri kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin normativ hüquqi aktları ilə müəyyən olunur.
Maddə 12. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələrindən istifadə edilməsi
12.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri barədə məlumatlar ümumiləşdirilərək milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mütəmadi olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
12.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri:
12.2.1. milli təhlükəsizliyin təmin olunması sahəsində dövlət proqramlarının hazırlanmasında;
12.2.2. milli təhlükəsizliyin təmin olunması ilə bağlı qanunların və digər normativ hüquqi aktların, beynəlxalq saziş və müqavilələrin layihələrinin hazırlanmasında və ya onlara dair təkliflərin verilməsində;
12.2.3. kəşfiyyat fəaliyyətinin prioritetlərinin müəyyən edilməsində;
12.2.4. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin qiymətləndirilməsində və təkmilləşdirilməsində;
12.2.5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə konkret göstərişlərin hazırlanmasında;
12.2.6. milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılmasında;
12.2.7. siyasi, iqtisadi, hərbi, elmi-texniki və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələrdə qərarların qəbul edilməsində;
12.2.8. iqtisadi inkişafa, elmi-texniki tərəqqiyə nail olunmasında;
12.2.9. dövlət sirlərinin mühafizəsi işinin təkmilləşdirilməsində;
12.2.10. cinayət təqibinin başlanmasında istifadə edilə bilər.
12.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri cinayət prosesində, bir qayda olaraq, bu şərtlə istifadə edilir ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə əldə edilmiş olsun. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri yalnız xüsusi xidmət orqanının səlahiyyətli şəxsinin qərarı əsasında ibtidai araşdırmanı aparan orqana və ya məhkəməyə verilə bilər.
12.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət prosesində sübut kimi qəbul edilməsinin mümkünlüyü Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 13. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında məlumatların mühafizəsi
13.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə uyğun aşkar, yaxud qeyri-aşkar metod və vasitələrdən istifadə edilir.
13.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təşkili, taktikası, gizli üsulları və vasitələri haqqında, habelə qanunvericilikdə müəyyən olunmuş digər məlumatlar dövlət sirri təşkil edir.
13.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə hərbi xidmətə (işə) qəbul olunan vətəndaşlar, həmçinin bu orqanlar haqqında məlumatları bilmək hüququna malik şəxslər dövlət sirri təşkil edən məlumatların yayılmaması barədə öhdəlik qəbul etməklə, müvafiq rəsmiləşdirmə prosedurunu keçirlər.
13.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşları və bu orqanlarla əməkdaşlıq (kömək) edən və ya etmiş şəxslər dövlət sirri təşkil edən məlumatları yaymağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
13.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşları, onlarla məxfi əsasla əməkdaşlıq (kömək) edən və ya etmiş şəxslər barədə, habelə göstərilən fəaliyyətin həyata keçirilməsinin təşkili, taktikası, üsul və vasitələri haqqında məlumatları ehtiva edən sənədlərin və materialların yayılmasına yol verilmir və onlar bu orqanların arxivlərində saxlanılır.
13.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin arxivlərinin məxfilikdən çıxarılmış tarixi və ya elmi əhəmiyyət kəsb edən materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada saxlanmaq üçün digər dövlət arxivlərinə verilə bilər.
IV fəsil. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin qüvvə və vasitələri
Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları
14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir.
14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar.
14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları «Hərbi xidmət haqqında» və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər.
14.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.
14.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti vəsiqə verilir.
14.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququna malikdirlər.
14.7. Kəşfiyyət və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatların xidməti otaqlarına və ərazilərinə onların rəhbərlərini qabaqcadan xəbərdar etməklə daxil olmaq hüququna malikdirlər.
14.8. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını bu subyektlərdə müəyyən edilmiş həqiqi hərbi xidmət müddətlərini başa vurmuş hərbi qulluqçular, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər.
14.9. Bu Qanunun 14.8-ci maddəsində göstərilmiş şəxslər Azərbaycan Respublikası kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi qeydiyyata alınırlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirlər.
14.10. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının peşə hazırlığının artırılması və kadrların hazırlanması məqsədi ilə tədris müəssisələri yaradılır.
14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri xarici dövlətlərin xüsusi xidmətləri ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlıq edə bilərlər.
Maddə 15. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair əlavə tələblər
15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
15.2. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, bu subyektlərdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşının şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə bu orqanlardan xaric edilmiş şəxslər xidmətə qəbul edilə bilməzlər.
15.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə (işə) qəbul olunan şəxslər barədə xüsusi yoxlama tədbirlərinin keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə tənzimlənir.
15.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır.
Maddə 16. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslər
16.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün aşkar və ya məxfi əsasla öz razılığını verən, yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli şəxsləri əməkdaşlığa cəlb edə bilərlər.
16.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslər aşağıdakı hüquqlara malikdirlər:
16.2.1. məxfi əməkdaşlıq barədə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri ilə müqavilə bağlamaq və ya şifahi razılıq vermək;
16.2.2. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarından öz vəzifələri və hüquqları barədə məlumat almaq;
16.2.3. konspirasiya məqsədi ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müəyyən etdiyi qaydada şəxsiyyəti pərdələyən sənədlərdən istifadə etmək;
16.2.4. əmək haqqı, mükafat və digər maddi təminatlar almaq.
16.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin vəzifələri aşağıdakılardır:
16.3.1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri ilə bağlanmış əməkdaşlıq haqqında müqavilənin və ya şifahi razılaşmanın şərtlərinə əməl etmək;
16.3.2. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həvalə olunmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar tapşırıqları yerinə yetirmək;
16.3.3. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qeyri-obyektiv, yanlış, qərəzli və ya böhtan xarakterli məlumatların qəsdən təqdim edilməsi hallarına yol verməmək;
16.3.4. dövlət sirri təşkil edən, həmçinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək göstərilməsi prosesində onlara bəlli olmuş digər məlumatları yaymamaq.
16.4. Bu qanunun 16.1-ci maddəsində göstərilmiş şəxslərin fəaliyyəti ilə əlaqədar digər məsələlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə tənzimlənir.
Maddə 17. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin informasiya təminatı
17.1. Öz fəaliyyətini təmin etmək məqsədi ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri informasiya, rabitə sistemləri, habelə kriptoqrafik və digər məlumat müdafiə sistemləri yarada və onlardan istifadə edə bilər. İnformasiyanı mühafizə vasitələrinin yaradılması, istehsalı, təmiri, idxalı, ixracı, satışı, istifadəsi, bu sahədə xidmətlər göstərilməsi, eləcə də onların yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
17.2. Xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının kəşfiyyat və digər fəaliyyətləri haqqında məlumatların, habelə ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının təhlükəsizliyinə zərər vurmağa yönəlmiş hüquqa zidd əməlləri barədə məlumatların uçotu, saxlanılması və istifadə olunması qaydaları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin normativ hüquqi aktları ilə müəyyən edilir.
17.3. İnformasiya sistemlərində fiziki və hüquqi şəxslər barədə məlumatların olması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə göstərilən şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün tədbirlər görməyə əsas vermir.
17.4. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən rabitə müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə uyğun rabitə şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludurlar.
Maddə 18. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin silahlanma və təchizat vasitələri
18.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada silahlanma və təchizat vasitələri, o cümlədən xüsusi texniki və digər vasitələr işləyib hazırlayır, istehsalı, əldə edilməsi və istifadəsi ilə məşğul olur, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin silahlanması məqsədi ilə odlu silah, digər xidməti və mülki silah, döyüş sursatı əldə edir və istifadə edir.
18.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən bu Qanunun 18.1-ci maddəsində göstərilmiş silahlanma və təchizat vasitələrindən istifadə, odlu silah və döyüş sursatının verilməsi, saxlanması, məhv edilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və onun ərazisinə gətirilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
18.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri müəyyənləşdirilmiş normalar əsasında binalar və nəqliyyat vasitələri ilə təmin edilirlər. Onların maddi-texniki təminatı qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
18.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa hərbi birləşmələrinin hərbi qulluqçuları üçün müəyyən olunmuş hərbi geyim forması ilə təchiz edilirlər. Hərbi geyim formasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyəti müəyyən edən fərqləndirmə nişanları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.
V fəsil. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və bu subyektlərə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi
Maddə 19. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının hüquqi müdafiəsi
19.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən dövlət hakimiyyəti nümayəndəsi kimi çıxış edirlər və dövlət tərəfindən müdafiə olunurlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyət verilmiş dövlət orqanlarından və vəzifəli şəxslərdən başqa, heç kəsin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının xidməti fəaliyyətinə qarışmağa ixtiyarı yoxdur.
19.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşının xidməti vəzifələrinin icrası zamanı ona müqavimət göstərmək, zor tətbiq etmək və ya zor tətbiqi ilə hədələmək, təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
19.3. Öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının və onların ailə üzvlərinin həyat və sağlamlığının, həmçinin əmlakının cinayətkar qəsdlərdən qorunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
19.4. Kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları, onların ailə üzvləri Azərbaycan Respublikasının ərazisindən kənarda həbs və ya azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, dövlət orqanları bu şəxslərin azad olunması üçün zəruri tədbirlər həyata keçirməlidirlər.
19.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən (cinayət başında yaxalanma halları istisna olmaqla), bu subyektlərin rəsmi nümayəndəsinin iştirakı olmadan onun məcburi gətirilməsinə, tutulmasına, şəxsi axtarışına, əşya və nəqliyyat vasitəsinin baxışına yol verilmir. Əməkdaşların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməliyyat bölmələrinə mənsubiyyətinin açıqlanmaması məqsədi ilə, habelə digər dövlət sirlərinin mühafizəsi naminə onun şahid qismində dindirilməsi yalnız bu subyektlərin rəhbərliyinə məlumat verilməklə həyata keçirilə bilər.
19.6. Xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qrupların tərkibində tapşırıqlar yerinə yetirmiş və ya yetirən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları barədə məlumatlar dövlət sirri təşkil edir və onların açıqlanması yalnız bu subyektlərin rəhbərlərinin və göstərilən əməkdaşların yazılı razılığı əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda mümkündür.
Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi
20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunları, bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir.
20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu Qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir.
20.3. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.
20.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.
20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hesabına həyata keçirilir.
20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində müavinət verilir.
20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir.
20.8. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər.
20.9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır.
20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.
20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
20.13. Xidməti vəzifələrinin icrası zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.
Maddə 21. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi
21.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir.
21.2. Məxfi əsasla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya etmiş şəxslər haqqında məlumatlar dövlət sirri təşkil edir və onların açıqlanmasına yalnız bu subyektlərin rəhbərlərinin və göstərilən şəxslərin yazılı razılığı əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda yol verilə bilər.
21.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya kömək etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər.
21.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə əmək haqqı, mükafat və digər maddi təminatların verilmə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
VI fəsil. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə nəzarət
Maddə 22. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə nəzarət
22.1. Xüsusi xidmət orqanları tərəfindən öz vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin təşkili və keçirilməsi zamanı qanunçuluğa əməl olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir.
22.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində bu fəaliyyətin subyektləri, idarədənkənar nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
22.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına öz fəaliyyətləri barədə mütəmadi hesabat verirlər. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbərləri məlumatların etibarlılığına, obyektivliyinə və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına vaxtında çatdırılmasına görə şəxsi məsuliyyət daşıyırlar.
22.4. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiqinə nəzarətin həyata keçirilməsi «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
22.5. Əks-kəşfiyyat fəaliyyəti subyektlərində aparılan təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi Azərbaycan Respublikasının Baş prokuroru və onun müvəkkil etdiyi prokurorlar həyata keçirirlər.
22.6. Əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin və əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsinə məhkəmə nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.
22.7. Əks-kəşfiyyat fəaliyyətinin təşkili, taktikası, üsulları və vasitələri, o cümlədən bu subyektlərə kömək edən və ya etmiş şəxslər barədə məlumatlar bu fəaliyyətin subyektləri rəhbərlərinin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti istisna olmaqla, digər nəzarətin predmetinə daxil deyildir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 29 iyun 2004-cü il
№ 711-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (5 avqust 2004-cü il, № 182).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2004-cü il, № 8, maddə 601).
23 dekabr 2005-ci il tarixli, 32-IIIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 76-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 4 iyul 2008-ci il tarixli, 669-IIIQD nömrəli; 12 fevral 2010-cu il tarixli, 953-IIIQD nömrəli qanunlara əsasən dəyişiklik və əlavələrlə.