Kəklik (Ağ Aşıq Allahverdi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kəklik (Ağ Aşıq Allahverdi)
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Baharın gülşən çağında,
Uçar daşdan-daşa kəklik.
Ovçu görsə, səkər asta,
Sinər daşdan-daşa kəklik.

Məskən salar qayalarda,
Özü göyçək boyalarda,
Gözdən uzaq sayalarda,
Çökər daşdan daşa kəklik.

Süsənbərim göylər mahı,
Ağ Aşığın qibləgahı.
Əyir belim yarın ahı,
Bükər başdan-başa kəklik.