Kəklik (Ağdabanlı Qurban)
Görünüş
Kəklik Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.56 |
Ay Salatın, bir bəri bax,
Baxım gözəl gözə, kəklik.
Doğra bağrım kababa tax,
Sal ataşa, közə, kəklik.
Gəl üzünə tutma pərdə,
Əqil gedib - yoxdur sərdə.
Səni görən aşıq dərdə,
Çətin-çətin dözə, kəklik.
Tərlan baxışına heyran,
Mən xəstəyəm, sənsən loğman.
Qurban canın eylər qurban,
Üzün sürtsə üzə, kəklik.