Kəklik (Aşıq Mirzə Bilal)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kəklik Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Vurulmuşam camalına,
Gəl dərdimi qan, a kəklik.
Gəlin kimi ayağına,
Sən qoymusan xına, kəklik.
Başın yaşıl, gözün qara,
Oxşayırsan nazlı yara,
Qaçma bizdən uzaqlara
Qal bu yerdə, sona kəklik.
Qış sovuşub yaz gələndə,
Qız, gəlinlər gül dərəndə,
Onlara gəl qarış sən də,
Qaçma məndən yan, a kəklik.
Azad dolan bizim yerdə,
Son qoymuşuq qəmə, dərdə,
Aşıq Bilal məclislərdə
Nəğmə desin sana, kəklik.