Kəklik (rəvayət)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rəvayətlər. Kəklik
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədimlərdə çox gözəl, ağıllı, namuslu bir qız varmış. Bu qız öz əmisi oğluna adaxlı imiş.

Qızın toy günü olur. Onun əl-ayağına xına qoyurlar. Hamının başı həyət-bacada toy işlərinə qarışır. Qız təkcə yengə ilə evdə oturubmuş. Bu vaxt çoxdan bəri qızı izləyən, onu ələ gətirməyə çalışan başqa bir oğlan başının dəstəsi ilə içəri girir. Yengənin əl-ayağını, ağzını bağlayıb yerə yıxırlar. Qızı da götürüb dağlara qaçırlar.

Qız nə qədər dartınır, qışqırır, yalvarır, ona qulaq asan olmur. Hər yerdən əlacı kəsilən, əli üzülən qız üzünü göyə tutub deyir:

Tanrı, məni quş elə,
Qanadı gümüş elə.
Eldə rüsvay eləmə,
Dağda günüm xoş elə,
Daşlara yoldaş elə.

Qız bu deyən kimi dönüb kəklik olur, pırıltı ilə uçub çəmənliyə düşür. Qızın əl-ayağı xınalı olduğu üçün, kəkliyin də ayağı xınalı olur.

Mənbə[redaktə]