Kəkliyin

Vikimənbə saytından
Kəkliyin
Müəllif: Aşıq Ağaməmməd
Mənbə: Tariyel Qəni (2015). ŞİRVANIN ŞAMLI ELATININ AŞIQ VƏ EL ŞAİRLƏRİ (az). "Ozan dünyası" jurnalı. azab.az. Yoxlanılıb 2016-02-04.


Yenə səkə-səkə qalxar havaya,
Qalar çəmən üstə izi kəkliyin.
Ovçular əlindən, güllə səsindən,
Qorxudan dörd olar gözü kəkliyin.

Səhər-səhər özün verər günaya,
Axşam olcaq, yığışallar binaya,
Məni görcək, çəkildilər qayaya,
Necə gəldi xoş avazı kəkliyin.

Uçğun qayası var, quzey binası,
Yuyar, ayağının getməz xınası,
Qırmızı dimdiyi, əmlağ sinəsi,
Səpər yamaclara bozu kəkliyin.

Uçğun qayaları kənd eyləyibdi,
Şirin ləblərini qənd eyləyibdi,
Aşıq Ağaməmmədi bənd eyləyibdi,
Çolpa balaları, özü kəkliyin.