Kələkbazlıq
Kələkbazlıq Müəllif: Abbasqulu ağa Bakıxanov |
Misirdə bir nəfər Rinud kəndindən,
Gedib bir şəhərdə sərbəst gəzərkən,
Yolda düçar oldu ona bir cavan,
Ki, onun hüsnünə qaldı mat, heyran.
Gizlədib qəfəsdə o can quşunu,
Qorxusuz soruşdu kim olduğunu.
«Məhəmməd»,--deyincə adını həmən,
Onu qucaqlayıb öpdü üzündən.
Cavan qəzəbləndi, hay-haray saldı,
Dərhal ətrafını əhali aldı.
Bir çoxu qəzəbdən qıyıb canına,
Çəkib apardılar şahın yanına.
Çığırdı qəzəblə padşah ona,
—«Nə üçün zülm etdin,--dedi.--cavana?»
Kəndli üzr istəyib dedi: «Şəhriyar!
Bu işi tutmuşam lap biixtiyar.
Bilən tək adıdır onun Məhəmməd,
Huş getdi əlimdən qalmadı taqət.
Eşqin bilirsənmi xasiyyətini,
Məcnun öpmədimi Leyli itini?»
Əmr etdi padişah vermədən ara,
Bir nökər çağırdı üzü qapqara.
Surəti eybəcər, çirkin, müdhişdi,
Sanki cəhənnəmdən çıxıb gəlmişdi.
Şah dedi: «Məhəmməd adlanır bu da,
Öp görüm, aşiqsən əgər bu ada».
Rind dedi: «Ey dinin pənahi olan,
Sənsən bu dünyada adil hökmran.
Doğrudur, adlanır bu da Məhəmməd,
Təkcə mən deyiləm burada ümmət.
Qoy onu başqası öpsün bu anda,
Ta ki, feyz aparsın bir müsəlman da».
Nə xoşdur, aman, bu gözəl macəra,
Bənzəyir bizdəki hala, rəftara.
Bizə nə xoş gəlsə, biz də o saət,
Adına deyərik təqva, ibadət.
Qüdsi də belədir, yeri gələndə,
Deyir ki, itaət edirəm mən də.