Məzmuna keç

Kəl haqqında əfsanə

Vikimənbə saytından
Kəl haqqında əfsanə
Müəllif: Şifahi xalq ədəbiyyatı


Əvvəlcə tanrı yeri yaratdı, sonra insanları və heyvanları yaratdı, daha sonra isə onları yer üzünə səpələdi. İnsanlar və heyvanlar acından ölməsin deyə, tanrı nökəri xeyirxah ruha əmr elədi ki, onlara düyü, qarğıdalı, ərik, yerfındığı və müx- təlif otlar versin. Düyü və digər dənli bitkiləri, habelə meyvələri tanrı insanlar üçün, otu isə heyvanlar üçün nəzərdə tutmuşdu. Bu ruh sadiq nökər idi, qüvvətliydi və yorulmaq nə olduğunu bilmirdi. Doğrudur, kifir və bir qədər huşsuz idi, amma mərhəmətli və həssas ürəyi vardı.

Bir dəfə tanrı ona biri düyü, digəri otla dolu iki zənbil verdi və əmr elədi ki, birinci növbədə insanların yeməyi olsun deyə, əvvəlcə düyünü, sonra isə heyvanlar ac qalmasın deyə, otu əkərsən. Yolda xeyirxah ruh huşsuzluğundan zənbilləri dəyişik saldı və ilk növbədə otu əkdi. Ot sürətlə artıb çoxaldı və tezliklə bütün yer üzünü bürüdü. Heyvanlar da əlüstü qayğısız-hürküsüz ota daraşdılar.

Xeyirxah ruh tanrının əmrini pozduğunu görüb düyü toxumunu səpməyə tələsdi, lakin artıq gec idi: düyü səpməyə yer üzündə demək olar ki, torpaq qalmamışdı, ot dünyanı başına götürmüşdü. Uçub yerə gəlmiş ilahi külək isə otun toxumlarını daha da uzaqlara yayırdı.

Lakin çıxış yolu yox idi, xeyirxah ruh səmaya qayıtdı və hökmdarın qarşısında günahını boynuna aldı.

Bu arada yerdəki adamlar narazılıq eləməyə başladılar: – Ey tanrı! Bizim nəyimiz heyvanlardan əskikdir? Onların düzənlərdə və otlaqlarda bolluca yemləri var, bəs bizim nəyimiz var? Kiçicik tarlalarımız! Biz ac qalırıq, bizə kömək elə, tanrı!

İnsanlar düyünü əzab-əziyyətlə yetişdirirdilər, onların qayğısı və zəhməti çoxalmışdı, çünki səhvini düzəltməyə çalışan ruh toxumları tələm-tələsik, necə gəldi səpirdi. Buna görə də düyü tanrının nəzərdə tutduğu kimi iri kollarla deyil, diqqətli və gərgin insan əməyi tələb edən şıltaq və zərif saplaqlarla bitməyə başladı.

İnsanların şikayəti tanrıya çatdı, insanları incitdiyinə görə huşsuz ruhu cəzalandırmaq qərarına gəldi və ruhu kələ çevirdi. Tanrı dedi:

– Yer üzündə düyünün az olmasının və xeyirsiz otun bolluğunun günahı səndədi! Bu gündən sonra ömrün boyu alaq otu yeyəcəksən və insanların qulluğunda duracaqsan!

Buna görə də kəlin qabaq dişləri yoxdur, axı, yumşaq otu gövşəmək üçün diş lazım deyil!

O vaxtdan kəl kəndlilərin ən ağır çöl işlərinə yaramağa məhkum olunubdu. Bəzən yadından çıxarıb cavan düyü pöhrələrinə tərəf yönəlmək istəyəndə kəndlilər kəli çubuqlayırlar. Bu vaxt bəzi adamlar unudurlar ki, onların sadiq köməkçilərinin yöndəmsiz gövdəsində huşsuzluğuna görə əbədi cəzaya məruz qalan xeyirxah ruhun bədbəxt qəlbi gizlənir.