Məzmuna keç

Kəpənək (nağıl)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kəpənək
Müəllif: Şifahi xalq ədəbiyyatı


Nok Fan Ni adlı cəsur və qoçaq bir gənc vardı. Onun ataanası yoxsul idilər. Onların bir kiçik parça düyü tarlasından başqa heç nələri yox idi. Odur ki, onlar bir parça çörək üçün səhərdən axşamacan ağa üçün işləyirdilər.

“Bizim babalarımız belə yaşayıblar, nəvələrimizin də beli özgə tarlasında belə büküləcək”, – deyə Nok Fan ürək ağrısı ilə düşünürdü.

Axşamlar o, cəngəlliyə gedir. Orada sarmaşıq kolluqlarının arasında, qayaların yarığında xəzinə axtarırdı. Ancaq xəzinə əvəzinə ona qıvrılmış ilanlar, yatmış siçanlar, yarıqlar arasında şırıldayan irmaqlar rast gəlirdi.

Cavan oğlan yorğun-arğın evə qayıdırdı. Nok Fan qoçaq adamların ağa ilə mübarizə etməyə başladığını eşidəndə ancaq çiyinlərini çəkir və istehza ilə gülümsünürdü: “Siz, zəif, köməksiz adamlar, nə edə bilərsiz? Dayanın, mən tək əllə hamınızdan çox iş görəcəyəm! Bircə mən xəzinəni tapım!” O, adamlardan aralanıb ancaq xəzinə tapmaq haqqında düşünürdü.

Bir dəfə Nok Fan böyük bir kəpənək gördü. Kəpənək gah çiçək üstə qonub elə bil adamın ona yaxınlaşmasını gözləyirdi, gah da uçub uzaqlara gedirdi. Elə bil ki, o, Nok Fanı hara isə çağırırdı. Kəpənəyin hara uçduğuna fikir verəndə cavan oğlan qayanın yarığında dar bir keçid gördü.

Nok Fan bambuk kəsdi, yandırdı, məşəl kimi əlinə tutub yolunu işıqlandıraraq irəlilədi. Yarığın dibi dik aşağı enirdi. Bambuk yaxşı yanırdı, alovun qırmızı şəfəqində Nok Fan daş divarda qəribə naxışlar gördü. Onun ürəyi döyündü. O, əmin idi ki, nəhayət istədiyi xəzinəni tapmışdır.

Bambuk məşəl yanıb qurtarandan sonra Nok Fan qarasına irəliləyirdi. Hərdənbir ona elə gəlirdi ki, o, kiminsə yüngül addım səslərini, pıçıltı, yavaşca gülüşmə eşidir. Ancaq elə ki, da- yanırdı, o saat hər şey susur, ancaq mağaranın tavanından su damlaları yerə düşüb səs salırdı. Nok Fan nahaq axtarışdan yorulub əldən düşmüş halda yerə yıxılıb yatdı.

O, üzünə dəyən yüngül mehdən ayıldı. Əynində sarı paltar, əlində yelpik olan bir qız onun başı üstündə dayanmışdı. Nok Fana elə gəldi ki, o, bu qızı hardasa görmüşdür. Ah, bu qız ki, onu buraya aldadıb gətirən kəpənəkdir!

Nok Fan ayağa qalxıb qızın dalınca getdi. Qaranlıq çəkilirdi, qarşıda mavi işıq görünürdü. Bu, mağaradan çıxan yol idi. Oğlanın gözləri qabağında güllü-çiçəkli bir dərə göründü, burada düyü tarlası, meyvələrin ağırlığından budaqları əyilmiş ağaclar vardı. Nok Fan adamların yanından keçəndə, onlar gənclə gülümsünə- gülümsünə salamlaşdılar. hamısı tənbəl-tənbəl yavaşca irəliləyirdi.

– Biz haradayıq? – deyə Nok Fan qızdan soruşdu.

– Yeraltı padşahlıqdayıq, – deyə qız ona cavab verdi. – Sən burada xoşbəxt olacaqsan.

– Burda da hər şey yer üzündə olduğu kimidir. Ağaclar bar verir, düyü sünbül bağlayır, güllər çiçəklənir...

– Bəli, ancaq burada vaxt yoxdur, ona görə də heç kəs heç yerə tələsmir. Burada hər cür arzu və istək sönür, axı, istəməli bir şey də yoxdur! Burada ağaclar həmişə bar verir, düyü həmişə sünbüllənmişdir...

Nok Fan yeraltı padşahlıqda qaldı. O, kəpənək qız ilə evləndi. Onlar dərd-qəmsiz ömür sürürdülər. Nok Fan yumşaq otlar üstə uzanıb quşların cəh-cəhinə qulaq asır, göyə baxırdı. Nok Fanın bu cür yaşayışının neçə il sürməsini demək çətindir. Bir dəfə Nok Fanın əlinə tikan batdı. O ağrı hiss etdi və bir damcı öz qanını – əsl qırmızı isti qanı gördü. O saat kəndləri, ata-anası, qardaşları, bacıları, payalar üzərindəki laxlayan daxmaları yadına düşdü. Doğma yerləri üçün burnunun ucu göynədi. O, daha yeraltı padşahlıqda qala bilməzdi və necə olursa-olsun evlərinə qayıtmağı qərara aldı.

O, yola çıxdı.

Dəhşətli qayalar onun yolunu kəsirdi, ancaq Nok Fan inadla irəliləyirdi. Birdən yeraltı padşahlıq qaranlıqlaşıb söndü. Nok Fan özünü, qızı birinci dəfə gördüyü həmin mağarada gördü. Nok Fan qaranlıqda çox yol getdi. Nəhayət gün işığına çıxdı, o tərəf-bu tərəfə baxdı və doğma kəndlərinə tərəf qaçdı. Ancaq ətrafda hər şey qəribə və yad kimi görünürdü. Düyü tarlalarının yanında təzə evlər salınmışdı. Qəribə geyinmiş yad adamlar kəlləri sürürdü. Nok Fan onları dostcasına salamladı, ancaq hamı ona təəccüblə baxırdı.

Nok Fan öz evlərini tapmaq üçün kəndi çox gəzib dolaşdı. Evləri yox idi. Ancaq iri banan ağacları ona nəsə xatırladırdı. Onun atası ilə məhz burada banan ağacını əkdikləri, balaca şitilləri atasına necə verdiyi, üstlərini torpaqla necə örtdükləri yadına düşdü. Doğrudanmı bu həmin ağaclardır? Bu ağaclar yüz illik nəhəng ağaclara oxşayırdı.

Nok Fan banan ağaclarının yanında cavan bir qız gördü və ondan soruşdu ki, Ni ailəsini tanıyırmı? Qız cavab verdi ki, elə özü də həmin ailədəndir.

Nok Fan qızın əlindən tutdu, ona yalvardı ki, ata-anasından, bacılarından, qardaşlarından ona bir xəbər desin. Qız qorxa-qorxa onu dinləyirdi. Axırda qız dedi ki, onlar çoxdan ölüb getmişlər... O, hətta Nok Fanın da adını çəkdi. Bəli, bəli, ona danışıblar ki, lap keçmişlərdə Nok Fan adlı bir oğlan varmış, o, mağarada azmış və heç kim onun heç izini də tapa bilməmiş.

– O mənəm! O mənəm! – deyə Nok Fan çığırdı.

Qız isə onun əlindən çıxıb qaçdı.

Nok Fan ancaq indi başa düşdü ki, o tək-tənhadır, burada o, yaddır. Başını aşağı salıb getdi. Nok Fan öz vaxtını itirmişdi – başqalarının əməyə və mübarizəyə sərf elədiyi qiymətli vaxtı o itirmişdi.

Onun həyatı boş-boşuna keçmişdi.