Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən
Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən Müəllif: Məhəmməd Füzuli |
Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən,
Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən.
Əsiri-qürbətiz bir səndən özgə aşinamız yox,
Ayağın kəsmə, başinçün, bizim möhnətsəralərdən.
Səba, kuyində dildarın nədir üftadələr hali?
Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən.
Demə, zahid ki, tərk et simbər bütlər təmaşasın,
Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən.
Girib məscidlərə, gər müqtədalər, peyrəvi olman,
Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən.
Təbiba, xaki-kuyi-yardəndir əşk təskini,
Bizə artırma zəhmət, göz yaşarar tutiyalərdən.
Fələkdir mehri zail, yar qafil, ömr müstəcil,
Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən.
Vücudim ney kimi surax-surax olsa ah etmən,
Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən.
Füzuli, nazəninlər görsən izhari-niyaz eylə,
Tərəhhüm umsa eyb etməz, gədalər padişalərdən.