Kəsdi

Vikimənbə saytından
Kəsdi
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Uzaq vilayətə qonaq gedirdim,
Mehrü məhəbbətim yanımı kəsdi.
Yarı yolda dolu döydü təpəmə,
Payızın yağmuru amanımı kəsdi.

Yeridim, yürüdüm, yıxıldım lilə,
Yırtıldı çarığım, gəlmədi ələ.
Yeddi yerdən başım keçdi çəngələ,
Çayırın cil otu dabanımı kəsdi.

Gördüm şalvarımın cibləri yoxdu,
Dedilər, bu yerdə kəsəyən çoxdu.
Dedim: arvad, axı pullar da yoxdu,
Çüllüt Qasım da gümanımı kəsdi.

Şərab gəldi, süfrələrə düzüldü,
Dörd yanımda qədəhlərə süzüldü.
Bu məclisdə əlim haqdan üzüldü,
Çəlləyin qoxusu imanımı kəsdi.

Sözün yeri gəldi, qoy deyim barı,
Di, öl, Aşıq Heydər, ye zəhrimarı.
Yığışdı sürfəyə mozalan, arı.
Aranın milçəyi amanımı kəsdi.