Kəsildi (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Çəkmiyə
Müəllif: Aşıq Ələsgər
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Nagah badi-sərsər əsdi üzümə,
Ömür bostaiımın tağı kəsildi.
Öz əlimdən xəta dəydi gözümə,
Bədəndən qolumun sağı kəsildi.

Qəza tutdu, kədər məni budadı,
Ağlatdı dostları, güldürdü yadı,
Zəhirmara döndü ağzımın dadı,
Əlimdə şərbətim ağı kəsildi.

Könlüm yasdan çıxmır, qəlbim qaradan,
Bu dərdü möhnətdən, bu macəradan.
Dövlət getdi, hörmət qalxdı aradan,
Qapımızdan dost ayağı kəsildi.

Müqərrərdi, qaçmaq olmaz ölümdən,
Fələyin qılıncı dəydi belimdən,
Bir tülək tərlanım getdi əlimdən,
Ürəyimin bəndi, bağı kəsildi.

Çox qaçdım qəzadan, olmadı çara,
Bir vurmuşdu, bir də vurdu dübara,
Çinovniklər istədilər qurtara,
Dostlarım özümə yağı kəsildi.

Qul Ələsgər, işin müşgüldü, müşgül,.
Dərdini deməyə yoxdu əhli-dil.
Döy başına, fəğan eylə müttəsil,
Daha deyib-gülmək çağı kəsildi.