Kantorçularımız
Kantorçularımız Müəllif: Cəfər Cabbarlı |
Aman, kantorçularımız, dad sizdən,
Bizi zar eylədiz, fəryad sizdən!
Nə üçün bizlərə yer verməyirsiz,
“Bizə lazım deyil müslüm" deyirsiz,
Uşaqlar ac qalıb, rəhm etməyirsiz?
Gözəldir, vallah, bir cəllad sizdən,
Aman, kantorçularımız, dad sizdən!
Acından qırmaq istərsiz bizi siz;
Məgər bir əcnəbidən tənbəlik biz?
Veriz beş yüz yerinə bizlərə yüz...
Çətindir gözləmək imdad sizdən,
Aman, kantorçularımız, dad sizdən!
Gedirsən, yalvarırsan, yalvarırsan,
Papağın xaki-payinə salırsan,
... tək qışqırır, lap mat qalırsan.
Aman, kantorçularımız, dad sizdən!
Gözəldir bizlər üçün yad sizdən!
On il təhsil edib, qal həsrəti-nan,
Canın çıxsın, müsəlmansan, müsəlman;
Gedib sal başına bir zorba şalban.
Aman, kantorçularımız, dad sizdən!
Sözüm yoxdur daha, fəryad sizdən!