Məzmuna keç

Kasıb-varlı bir isimdir, bax-gör nə dərdə yarayır

Vikimənbə saytından
Kasıb-varlı bir isimdir, bax-gör nə dərdə yarayır (1994)
Müəllif: RAUF CAVAD

Nə qədər arsız var aman Allah, guya ki, yaşayır?!
İlahi oyandır qəlbdəki yaxşını pisdən ayır.

Talayıb yeyir yetim-yesirin malın, gönü qalın,
Qanmaz sözdən anlamaz, kəndini pak, ağıllı sayır.

Nə halə düşüb vicdan, qalıb çılın-çılpaq səhnədə,
Yoxdur şərəfsizdə ədəb, düşünmədən sayıqlayır.

Çəkilib qeybə din-iman, əxlaqsıza olma güman,
Cibi doludur, başı boş, ilan kimi kin saxlayır.

Əvvəli yox, lüt olub, varlanıb yoxsul qəssab olub,
Unudub keçmişini, pis gələcəyi qucaqlayır.

Əgər olmazsa insanda kamal, fərq etməz o kimdir,
Kasıb-varlı bir isimdir, bax-gör nə dərdə yarayır!

Alçağın olmaz cinsi-növü, sürür insafsız ömrü,
Tutmur kimsəsiz-boş əli, tox qarnını tumarlayır.

Saysızdır bəşərdə şüursuz ac heyvanların sayı,
Yeyir-içir, gözü doymur, arsız nəfsini yağlayır.

Şikayətim əvvəla kəndi biədəb nəfsimdəndir,
Günahkar tüm bəşərdir çün görmür kim ac, kim ağlayır.

Günah axtarma özgədə, bir bax özünə güzgüdə,
Gör kimi görürsən, İblis özü, İblisi danlayır.

Zəngin gedir Həccə, sanır ibadət-itaət edir,
Əqli zənninə aldanır, guya şeytanı daşlayır!

Rauf! Qurub höküməti şeytan, olub hakim! Vallah!
Cəmiyyət kor! Tanımır nadanı, kimi alqışlayır!?