Keçər (Mirzə Mehdi Şükuhi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Keçər
Müəllif: Mirzə Mehdi Şükuhi
Mənbə: Mirzə Mehdi Şükuhi. Şeirlərazadliq.org saytı. Yayımlanıb: 13.07.2014

Bir də yolum düşsə yar otağına,
Mənim işim hamı kəsdən saz keçər,
İşə düşər deyib, danışıb, gülmək
Aralıqdan yüz min ərkü naz keçər.

Gül gülə sövkəşib, laləyə lalə,
Qumrular, bülbüllər çəkərlər nalə.
Saqi, bu mövsümdə gətir piyalə,
Bir az keçməz, payız gələr, yaz keçər.

Saqi dolandırsın cami-gülrəngi,
Düzülsün məclisə lalə, mərdəngi,
Oxusun xanəndə, oynasın cəngi,
Xəyalımdan setar keçər, saz keçər.

Yəhərləyin kəhər atı dubarə,
Tüfəngimi verin, gəlmişəm zarə,
Mən istərəm bir də çıxam şikarə,
Çox deyillər: "Bu kövşəndən qaz keçər".

Az mənim bağrımı qan ilə doldur,
Dərdin bu canımda hamıdan boldur,
Deyillər: "Könüldən könülə yoldur",
Şükuhi könlündən niyə az keçər?