Keçdi (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Keçdi
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı (2006). Əsərləri (az). "Avrasiya press". ISBN 978-9952-421-82-8. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Ötüşdü zimistan, gəldi nobahar,
Yetirdi qərinə, sənələr keçdi.
Dəli könül gündə yüz xəyal eylər,
Dolandı ruzigar, havalar keçdi.

Mən sana nə deyim, ey şahi-şonqar,
Ağlımı apardı bir çeşmi-xumar.
Könlümə olmadı bir münasib yar,
Gəldi məlakələr, sonalar keçdi.

Yazıq Alı, pürğəm səni bürüdü,
Eynim yaşı sel-sel oldu, yeridi.
Qürbət eldə yazıq canım çürüdü,
Neçə çərşənbələr, cumalar keçdi.