Keçir
Görünüş
Keçir (7 mart 2006) Müəllif: Araz Yaquboğlu |
Atası Yaqub Hacıyevin məzarını ziyarət edərkən. Mənbə: Elin yaddaşında yaşayan ömür. Bakı: "Nurlan", 2006, səh.76 |
Sən torpaq altında, mən torpaq üstdə,
Görüşümüz sakit keçir, lal keçir.
Baxıram əksinə, şux sifətinə,
Dolanır könlümdən yüz xəyal keçir.
Görürəm dünyanı bir ulu kimi,
İnsanı dünyanın bir qulu kimi.
Durmuşuq üz-üzə küsülü kimi,
Nə bir cavab gəlir, nə sual keçir.
Hanı şirin dilin, dinmirsən necə?
Niyə vaxtsız oldu gündüzün gecə?
Ay Araz, anlakı bir gündə neçə-
Əcəl körpüsündən əhli-hal keçir.