Kiçik şahzadə
Kiçik şahzadə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri var imiş, biri yox imiş, bir padişah var imiş. Bu padişahın
gözəl bir üzüm bağı var imiş. Padişah bir gün bağda gəzəndə görür ki,
bağın tənəkləri qırılmış, xeyli üzüm dərub aparmışlar. Padişah bağbanı
hizurinə istəyüb, ondan bu nə əhvalat olduğunu sorur. Bağban bir şey
bilmədigini söyləyir. Padişah əmr edir ki, gecələr bağa qaravul qoysunlar,
oğrunu dutsunlar. Bağa nə qədər qaravul qoyulursa, gecənin bir
vəqti yatır. Oğru da gəlüb bağı talan edir.
Padişahın üç oğlu var imiş. Bir gün oğluni hizurinə çağırıb, əhvalatı ona söyləyib, gecə bağda qaravul olub oğrunu dutmağı əmr edir. Böyük oğlu gecə bağa gedir. Gecədən bir neçə saat keçəndən sora yuxu bunu aparır. Sübh olanda görürlər ki, gənə də bağı xarab etmişlər. Padişah ikinci gecə ortancıl oğlını göndərir, bu da ağşamdan bir az keçmiş yatır, genə oğru gəlib bildigini eləyir. Üçüncü gecə kiçik oğlunu göndərir. Bu isə yatmayım diyə, barmağının birini kəsüb yerinə duz doldurur. Gecənin bir vəxti görür ki, bağa bir zorba dev gəldi. Şahzadə bilir ki, tənəkləri xarab edüb üzümü dərən budur. Tez nişan alub buna bir ox atır. Ox isə boşa keçir. Dev bağda adam olduğunu duyub tez qaçır. Şahzadə də bunun dalıncan düşür.
Bir xeyli yol gedəndən sora, qabaqlarına bir daş çıxır. Şahzadə görür ki, tez dev daşı qaldırır, altından bir quyu çıxır. Dev quyuya girir, daşı da gənə yerinə qoyur. Bunu gördikdən sora şahzadə evlərinə qayıdub, əhvalatı qardaşlarına söyləyir. İp götürüb qardaşlarilə quyunun başına gəlirlər. Şahzadə əl atır daşa, qaldurıb quyunun ağzından bir səmtə yığırlar, ipi belinə bağlayub quyuya düşür. Qardaşları da quyunun kənarında qalub bunu gözləyirlər. Şahzadə quyunun dibinə düşdikdən sora ipi açub yol getməgə başlayur. Bir qədər yol getdikdən sora bir imarətə yetişir. İçəri daxil olanda görir ki, bir təxtin üstündə üç gözəl qız əyləşmişlər. Qızlar bunu görəndə qorxuya düşüb buna diyirlər:
– Oğlan, sən nə cürət edib buraya gəldin? Bura devlərin məskənidir. Dev yuxudan qalxanda səni öldirəcəydi.
Şahzadə dedi:
– Mən eşitmişəm devin cani şişədə olur. Şişənin yerini mana göstərin. Devi öldürüm, sizi də buradan xılas edim.
Qızların ən kiçigi ki, hamısından gözəl idi, qalxıb şişənin yerini buna göstərdi. Bu halda dev yuxuda görür ki, bunun cani içində olan şişə adam əlinə düşmüşdür. Tez yuxudan qalxub şahzadə olan evə yügürür. Şahzadə şişəni əlinə alub daşa çalmaq istəyirdi ki, dev yetişib şahzadə ilə dutuşdi. Bir qədər qovğa etdikdən sora firsət edüb şişəni daşa çaldı. Şişə parçalandıqda dev də yıxılub həlak oldu. Bundan sora qızları götürüb quyunun yanına gəldi, böyük qızı ipə bağlayub qardaşlarına xəbər verirdi ki, ipi çəksinlər. Bundan sora ortancıl qızı ipə bağlayub qardaşları çəkdi. Nöbə kiçik qıza gələndə, qız dedi:
– Mən bunların hamısından gögcəyəm. Qardaşların məni görsələr, artıq səni yuxarı çəkməzlər, sən burada tələf olarsan. Yaxşısı budur ki, qabaxca sən çıx, sora məni çıxardarsan.
Şahzadə buna razı olmadı, onda qız buna deyir:
– Əgər, qardaşların məni yuxarı çəksələr onda quyunun sağ tərəfinə get. Qabağına biri ağ, biri qara iki qoyun çıxacaqdır. Cəhd elə ağ qoyunun dalına min. Onda o səni ışıqlı dünyayə atacaqdır, gəlüb bizi tapacaqsan. Yox, qara qoyunun dalına minsən, səni qaranlıq dünyayə atacaqdır.
Bundan sora qardaşları kiçik qızı da çəkirlər. Nöbə şahzadəyə çatanda, yolun yarısında ipi kəsirlər. Şahzadə quyunun dibinə düşür. Şahzadənin qardaşları qızları götürüb atalarının yanına gəlür, ona belə söyləyirlər:
– Kiçik qardaşımız dev ilə dava etdikdə həlak oldu. Biz devi öldirdik, qızları da xılas etdik.
Padişah da oğlanların sözlərinə inanır.
Şahzadə quyunun dibinə düşənnən sora quyunun sağ tərəfinə yol başlayır. Bir qədər getdikdən sora qabağına bir qara qoyun, bir ağ qoyun çıxır. Şahzadə ağ qoyunun belinə atılmax istəyir, qara qoyun belini irəli dutur, bu da onun belinə düşür. Qara qoyun, bunu qaranlıq dünyayə atır. Yerə düşdikdən sora bir qədər yol gedir. Görür ki, bir qız əlində bir qab aparır. Bundan sorur ki:
– Apardığın nədir?
Qız cavab verir:
– Çörəkdir.
– Bunu kimin üçün aparırsan?
– Burada bir əjdəha peyda olubdur, suyun başını kəsüb, kimsəyi su aparmağa qoymayır. İmdi bu xörəki aparıram ki, əjdəha bunu yiyəndə mən də firsət edib qabımı su ilə doldurum. Hər gün işimiz boylədür.
Şahzadə bu sözi eşitdikdə dedi:
– Qabı mana ver, mən bu saat əjdəhanı öldürüm, səni də xilas edim.
Şahzadə xörəki yedikdən sora gedüb əjdahani öldürür, xəlqi azad eləyir. Qız bunu görəndə, tez əlini əjdəhanın qanına batırıb şahzadənin kürəginə basdı. Bu xəbəri eşitdikdə bir neçə adam yügürdü padişaha əjdəhanı öldürdüklərini söylədilər. Bu tərəfdən şahzadə gedüb bir böyük ağaca yetişdi. Bu ağacın başında bir böyük yuva, yuvanın içində bir neçə quş balası var idi. Şahzadə yorulduğundan yıxılıb ağacın kölgəsində yatır. Bir qədər yatdıqdan sora quş balalarının bağırtısına yuxudan qalxub görür ki, bir ilan ağaca qalxub quşun balalarını yemək istəyir. Tez qalxub ilanı öldürür, genə də yatır. Bu halda bir zorba quş uçub gəlir. Şahzadəni ağacın dibində yatmış görəndə, elə xiyal edir ki, gündə gəlüb bunun balalarını yiyən budur. İstəyir ki, aşağı ənüb şahzadəni öldürsün balaları bağırışırlar:
– Ana, onı öldirmə, o bizim düşmanımız ilanı öldürüb.
Quş bu sözləri eşidəndə aşağı ənüb qanadlarını açub şahzadəyə kölgəlik edir. Bir xeyli yatdıqdan sora şahzadə oyanır. Quş buna deyir:
– Sən mənim balalarımı düşməndən xilas etdin, indi məndən nə istəyirsən, istə.
Şahzadə cavab verir ki, xahiş edirəm məni ışıqlı dünyayə çıxarasan.
Quş cavab verir ki, get bir qoyun, bir tuluq da su tap gətir. Səni işıqlı dünyayə çıxarım. Bu sözdən sora şahzadə o yerin padişahının yanına gedir və əjdəhanı öldürüb xəlqi zillətdən xilas etdigini söyləyir. Padişah inanmaq istəməyir. Onda şahzadə əjdahanı öldürəndə bir qızın gördügünü bəyan edir. Padişah əmr edir, həmən qızı tapub gətirirlər. Qız Şahzadənin sözini təsdiq edir. Padişah əjdəhanı bu öldürdügünü nədən təyin etdigini qızdan soranda, qız cavab verir:
– Mən o vəqt əlimi əjdəhanın qanına bulayıb onın kürəginin ortasına basmışam.
Baxub görürlər ki, doğrudan da oğlanın kürəgində qanlı əl nişanəsi var. Ondan sora padişah şahzadəyə deyir:
– Məndən nə istəyirsən, söylə verim.
Şahzadə: – Səndən bir qoyundan, bir tuluq sudan başqa heç bir şey istəmirəm.
Şah əmr elədi, şahzadə istədigini verdilər. Şahzadə qoyunu öldürüb ətini, bir tuluq suyu götürüb quşun yanına gəlir. Quş buna dedi:
– Minərsən mənim dalıma, mən “qa” diyəndə ət, “qu” diyəndə su verərsən. Ta ki səni ışıqlı dünyaya çığararam.
Bu sözlərdən sora şahzadə quşun dalına minir. Quş “qa” dedikdə ətdən, “qu” dedikdə sudan verir. Işıqlı dünyaya az qalmışdı ki, ət qurtardı. Şahzadə bıçağı çığardub öz budundan bir parça kəsib quş “qa” edəndə ona verir. Quş qanır ki, bu adam ətidir, yeməyib ağzında saxlayur. Qərəz boyləliklə ışıqlı dünyayə çıxırlar.
Burada quş şahzadəni yerə qoyur. Görür ki, şahzadə yeriyəndə axsayur. Həmən saat əti çıxardıb yerinə qoyur, qanadını sürtür, yara sağalır. Quş burada xudahafis edib geri qayıdır. Şahzadə də başlayur vilayətlərinə getməgə. Bir müddət getdikdən sora gəlüb atasının yanına çıxır. Qardaşlarının əhvalatını atasına söyləyir. Padişah da oğlanlarını çağırıb onlara xəbər verir. Şahzadəni öz yerində vəliəhd edir. Kiçik qızı da toy edüb buna alır.