Kim qansa əgər, dərk edər, Əli eşqin adı

Vikimənbə saytından
Kim qansa əgər, dərk edər, Əli eşqin adı! (1995)
Müəllif: RAUF CAVAD

Kaş ki, bilsən, kim bu Əli, ruha pak qidadı!
Sevən bilər, nədir sevginin ləzzəti-dadı!

Ta əzəldən dünya olub Aşiqlərə zindan,
Kim qansa əgər, dərk edər, Əli eşqin adı!

İlham alır Leyladan Məcnun ki, dəli vurğun,
Rüsvay edir eşqi dəli ki, nəfsi nidadı!

Nazlıdır bu dünya, nazını alana satır,
Gəl ey müştəri, bu Gözəlin nazı ədadı!

Ucalıb göylərə səhrada söz ah-naləsi,
Gəlki, kim qanar sözü anlar ki, söz Xudadı!

Bilməz Ruhun vətəni haradır, hələ cahil,
Oyan ey qafil! Gör ki, Əli ərşi əladı!

Ey könlümün Gözəli, şahı-sultanı Əli,
Sevirəm uşaqlıqdan səni, halım fənadı!

Hal əhli anlamaz, kim Fərhadın Şirin dərdi,
Eşqi Yaradan kim əzəli, Ruhi bəqadı!

Ol yaxşı sözə talib, qıl səcdə, et itaət,
Söz qanır ki, Əli ibadət, cümlə sədadı!

Məşuq sözünə Aşiqdir Rauf Hüseyn Məna,
Gəl dərk eylə ki, eşqin özü Əli Mənadı!