Kimdən öyrəndin (Aşıq Əsəd)

Vikimənbə saytından
Kimdən öyrəndin
Müəllif: Aşıq Əsəd
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018.

Oğrun-oğrun daldalardan
Baxmağı kimdən öyrəndin?
Qafildən könlüm evini
Yıxmağı kimdən öyrəndin?

Gül xəcildi yanağına,
Bal bələnib dodağına.
Qızıl üzük barmağına
Taxmağı kimdən öyrəndin?

Mail oldum qələm qaşa,
Sədəf kimi incə dişə.
Əsədin canın atəşə
Yaxmağı kimdən öyrəndin?