Kimdən öyrəndin (Aşıq Hüseyn Cavan)
Görünüş
Kimdən öyrəndin Müəllif: Aşıq Hüseyn Cavan |
Sevgilim, sən maral kimi
Gəzməyi kimdən öyrəndin?
Ay qabağa cığa teli
Düzməyi kimdən öyrəndin?
Tez yuxudan oyanmağı,
Al qumaşa boyanmağı,
Gərdən çəkib dayanmağı,
Süzməyi kimdən öyrəndin?
Mən sevirəm Zərnişanı,
Onda var gülün nişanı.
Sağ əlinlə bənövşəni
Üzməyi kimdən öyrəndin?
Kəklik kimi qayalarda,
Ceyran kimi səhralarda,
Sona kimi dəryalarda
Üzməyi kimdən öyrəndin?
Bulud almasın ay üzün,
Hüseyn sazla deyir sözün.
Xumar-xumar ala gözün
Süzməyi kimdən öyrəndin?