Məzmuna keç

Kimdir ki, verməsin könül əbrukəmanlara

Vikimənbə saytından
Kimdir ki, verməsin könül əbrukəmanlara
Müəllif: Mirzə Əbdülxalıq Yusif
Mənbə: Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. Bakı,2012.

Kimdir ki, verməsin könül əbrukəmanlara,
Dil verməmək mahaldı bu dilsitanlara.

Pirani-parsadilü həftadsaləmiz,
Meydir muradı ta nə yetişsin cavanlara.

Söz yox, dəhanı var, o qədər təngdir ki, söz
Bir nüktədir, təvəllüqü var nüktədanlara.

Hər kim ki, cüzvi-layətəcəzzanı dərk edər,
Bir nöqtə dərkin etməyə düşməz gümanlara.

Bir gün şərarələr tökülüb yer üzün yaxar,
Əzbəs, çıxıbdır ahım odu asimanlara.

Qəmzən xədəngi oldu könüllərdə cayigir,
Çox yaxşı dəydi tiri-nigahın nişanlara.

Əhli-vəfanı seyd elə hər bir vəfasıza,
Atma oxun, dəyər biri, əlbəttə, canlara.

Yusif, əgər varındı hünər, olma meypərəst,
Dil vermə daxi türreyi-ənbərfəşanlara.

Sən məst, çeşm məst, cahan məst, badə məst,
Kim huşyardır, bu xəbər çatsın onlara.