Məzmuna keç

Kimi (Şəmkirli Aşıq Hüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kimi
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Gözəldi qılığın, nə xoşdu soyun,
Suyun şirin abi-həyatı kimi,
Şəkərdi dəhanın, məzədi dilin,
Dodaqların Misir nabatı kimi.

Altından zər geyib, üstdən qələmkar,
Böyür düymə, gen küləçə, yaxa dar,
Sevdiyimin əcəb gül camalı var,
Bədirlənmiş ayın savatı kimi.

Başmda örpəyin bağı ipəkdən,
Qızıl qotaz çal keçirdir dirsəkdən,
Aylar, illər həsrətini çəkməkdən,
Hüseynəm, incəldim xəyatı kimi.