Məzmuna keç

Kimi (Ağdabanlı şair Qurban)

Vikimənbə saytından
Kimi
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.54

 
Xaldı, düzülüb hər maçın,
Üzə dürdanələr kimi.
Tökülübdü çin-çin saçın,
Gərdənə minalar kimi.
 
Səni görəndən bəridi,
Yandı, ürəyim əridi.
Əqlim sərdə sərsəridi,
Oldum divanələr kimi.

Dağın canda qaldı nişan,
Halımı etdin pərişan.
Ciyar hazar, oldu şan-şan,
Şandakı xanalar kimi.

Qurban, yalvar yara, bir bax,
Sızıldaşır yara, bir bax.
Bu beymürvət yara bir bax,
Dinir əfsanələr kimi.