Kimi (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kimi
Müəllif: Xəstə Qasım
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Nə baxırsan oğrun-oğrun,
Mənə biganələr kimi.
Durum dolanım başına,
Şama pərvanələr kimi.

Bağbanlar bəslər meyini,
Dönsün seyrağıb löyünü,
Yıxıbsan könlüm öyünü,
Top dəymiş qalalar kimi.

Gəl gedək Çünə, Maçına,
Qurbanam zülfün ucuna,
Al məni qoynun içinə,
İstəkli balalar kimi.

Dost qapısında dustağam,
Tellərinə çox müştaqam,
Yar əlindən düyün-dağam,
Dağdakı lalalar kimi.

Xəstə Qasım Tikmədaşlı,
Könlü qəmli, gözü yaşlı,
Göldən uçdu yaşılbaşlı,
Silkindi sonalar kimi.